"Mən ona göstərəcəyəm…”
"Qafqaz Point” otelində MMA üzrə Azərbaycan döyüşçüsü Bəxtiyar Abbasovun mayın 30-da Sinqapurda "One Fighting Championship” turnirində iştirakına həsr olunmuş mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə "Qəbələ” klubunun döyüş növləri koordinatoru Səbuhi Qarayev Abbasovun keçmiş Bellator çempionu amerikalı Ben Askrenlə döyüşə tam hazır olduğunu bildirib.
MMA, Pankration və Qrepplinq Federasiyasının Prezidenti Azad Əsgərov və GEFC Beynəlxalq MMA Liqasının vitse–prezidenti, Bəxtiyar Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov və "Pro–Rinq” peşəkar klubunun prezidenti, Bəxtiyar Abbasovun məşqçisi Rövşən Heybətov idmançıya uğurlar arzu ediblər. Onlar döyüş üçün məhz bu idmançının seçilməsini təsadüfi saymayaraq, qələbə qazanacağını bildiriblər.
B.Abbasov isə vətənə qələbə ilə dönəcəyini bildirib: "Mən əla formadayam. Yalnız qələbə haqqında düşünürəm. Özümə də maraqlıdır ki, belə reytinqli biri ilə qarşılaşıram. Rəqibimə hörmət edirəm, lakin deməliyəm ki, onun işi heç də asan olmayacaq. Mən güzəştə getməyəcək və nəyə qadir olduğumu nümayiş etdirəcəyəm. Düzdür, indiyədək məğlub olmayıb, amma ona göstərəcəyəm ki, "Qəbələ” klubunda belə idmançılar var və yetişir”.
Qeyd edək ki, döyüş Sinqapurdakı "Sinqapore İndoor Stadium” arenada keçiriləcək.
Sevinc XANQIZI