
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə ilk 5 çəki dərəcəsində medal görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən güləşçilər döşək təsəlliverici və final qarşılaşmalarına çıxıblar. Azərbaycan pəhləvanları bu çəkilərin birində qızıl, qalanlarında bürünc medal uğrunda yarışıblar. Amma yekunda cəmi 1 gümüş, 2 bürünc medal qazanılıb.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serbiyalı güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. 55 kq çəki dərəcəsindəki pəhləvan 1/4 finalda əsas rəqiblərindən sayılan gürcüstanlı pəhləvanada heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin finalın bir addımlığında rusiyalıya uduzan Əzizli bu gün bürünc medal uğrunda güləşib. Rəqib isə türkiyəli Şerif Kılıc olub. Kılıca heç bir şans verməyən Əzizli fəxri kürsüyə yüksəlməyi bacarıb.
Daha bir bürünc medalı Taleh Məmmədov qazanıb. 63 kq çəkili güləşçi təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançı ilə görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf Məmmədov olub. Yarımfinalda norveçli rəqibinə uduzan azərbaycanlı pəhləvan da bu gün 3-cü yer uğrunda mübarizə aparıb. Onun rəqibi isə ermənistanlı Slavik Qalstyan olub. Azərbaycan güləşçisi 6:2 hesabı ilə qalib gələrək, mükafatçılar sırasında yer alıb.
Əvəzində 87 kq çəkidəki İslam Abbasov gümüş medal əldə edib. O, startda çətinliklə də olsa, almaniyalı rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda rusiyalı olimpiya çempionu Davit Çakvetadze ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov onu da məyus edərək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə Azərbaycan güləşçisi Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Bugünkü həlledici qarşılaşmada o, Ukrayna təmsilçisi, son olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib. Görüş Belenyukun qələbəsi ilə yekunlaşıb - 5:1
Digər pəhləvanlara gəldikdə, 77 kq çəkidəki Elvin Mürsəliyev ilk mərhələdə almaniyalıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən, Mürsəliyev bu gün təsəlliverici görüşə çıxacaq. Bürünc medal yolunda ilk maneə ermənistanlı dünya və Avropa çempionu Arsen Julfalakyan olub. Rəqibinə minimal fərqlə uduzan Mürsəliyev mübarizəni dayandırıb.
130 kq çəkidəki Sabah Şəriəti isə debütdə Çexiya pəhləvanı üzərində qələbə qazanıb. Daha sonra o, türkiyəli dünya çempionu Rza Kayaalpa uduzub. Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni bu gün təsəlliverici görüşlə davam etdirmək imkanı verib. O, xorvatiyalı Ante Milkoviçi 10:2 hesabı ilə üstələsə də, rumıniyalı Alin Ciurariuya uduzub - 0:2. Bununla da Şəriəti medalsız qalıb.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan son 5 yunan-Roma güləşçisindən heç biri finala yüksələ bilməyib.
55 kq
Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (Türkiyə) - 8:0
1/2 final - Eldəniz Əzizli - Vitali Kabaloyev (Rusiya) 5:7
1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0
Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:0
63 kq
Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (Ermənistan) - 6:2
2/1 final - Taleh Məmmədov - Stiv Andre Berge (İsveç) 2:4
1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (Rumıniya) - 8:7
Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3
77 kq
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Julfalakyan (Ermənistan) - 1:2
Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6
87 kq
FİNAL - İslam Abbasov - Jan Beleniuk (Ukrayna) - 1:5
1/2 final - İslam Abbasov - Mikalay Stadub (Belarus) - 4:0
1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1
1/8 final - İslam Abbasov - David Çakvetadze (Rusiya) - 2:1
Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya) - 1*:1
130 kq
Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Ciurariu (Rumıniya) - 0:2
Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (Xorvatiya) - 10:2
1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (Türkiyə) - 0:5
Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1