
Azərbaycanın gənclərdən ibarət sərbəst güləş yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən məlumatına görə, milli komanda iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandası ilə birgə hazırlıq keçir. Bu gün tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü keçirilib.
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi qarşılaşma Azərbaycan komandasının kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.
Qonaq komandanın baş məşqçisi, olimpiya çempionu Con Peterson daha sonra AGF-nin rəsmi saytına açıqlama verib: "Bir neçə gündür Bakıda yığmanızla birgə toplanış keçirik. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dönəmində Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir".