Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayıblar.
Sportnet.az xəbər verir ki, Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunur. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edir. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olub. Stadnik vaxtından əvvəl təmiz qələbə ilə 1/8 finala yüksəlib.
Titullu pəhləvanın növbəti rəqibi hindistanlı Sima Sima olub. Bu dəfə 9:2 hesablı qələbəyə nail olan Azərbaycan təmsilçisi 1/4 finalda rusiyalı Yekaterina Polişçuku vaxtından əvvəl üstələyib - 11:0. Beləliklə, Stadnik yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Finala gedən yolda isə onun rəqibi çinli Yanan Sun olub. Bu dəfə isə Stadnik 6:4 hesablı qələbə sayəsində finala adlayıb. Həlledici görüşdə o, rumıniyalı Emiliya Alina Vuçla qarşılaşacaq.
Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının almaniyalı mükafatçısı Nina Hemmerlə üz-üzə gəlib. Görüş Hemmerin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb. Almaniyalı pəhləvan növbəti görüşündə uduzduğu üçün Nəsirova təsəlliverici görüşlərə qatılma şansını itirib və mübarizəni erkən dayandırıb.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.
Dünya çempionatı
17 sentyabr
50 kq
FİNAL. Mariya Stadnik - Emiliya Alina Vuç (Rumıniya)
1/2 final. Mariya Stadnik - Yanan Sun (Çin) - 6:4
1/final. Mariya Stadnik - Yekaterina Polişçuk (Rusiya) - 11:0
1/8 final. Mariya Stadnik - Sima Sima (Hindistan) - 9:2
Təsnifat mərhələsi. Mariya Stadnik - Mersi Cenezis (Nigeriya) - 10:0 (vaxtından əvvəl)
53 kq
Təsnifat mərhələsi. Türkan Nəsirova - Nina Hemmer (Almaniya) - 0:11 (vaxtından əvvəl)
Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində "Tokio 2020"yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.