II Avropa Oyunlarının və Avropa çempionatının üçqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş yunan-Roma güləşçisi İslam Abbasov ağır zədə alıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı idmançı Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına hazırlaşarkən zədələnib.
O, artıq Almaniyada əməliyyat olunub. İyunda İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq turnirində qızıl medal qazanmış İslam Abbasov bu səbəbdən İslamiadaya qatılmayıb.
Onun 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında və Bakıda 5-6 noyabrda təşkil olunacaq Dünya Kubokunda iştirak etməyəcəyi dəqiqdir.
Qeyd edək ki, Azərbaycanı İslamiadada İslam Abbasovun yarışdığı 87 kq çəki dərəcəsində Məhəmməd Əhmədiyev təmsil edəcək. Yunan-Roma yarışlarına 12 avqustda start veriləcək.