
"Oyun göstərdi ki, rəqib komanda bizi yaxşı təhlil edib. Amma "Qarabağ"ın performansından çox razı qaldım. Mənim üçün əsas amil komandanın iradəsidir".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Bolqarıstanın "Ludoqorets" klubuna 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner matç ərzində üstünlüyün Ağdam təmsilçisinin tərəfində olduğunu bildirib: "Çox fürsət oldu. Amma qismət, bəxt amili var. Bir neçə zərbəmiz rəqib müdafiəçilərə dəydi. Qapıçıları isə əsl xilaskar rolunu oynadı. Rəqib Bolqarıstan çempionudur. Avrokubok oyunları ağır olur. Heç bir rəqibi özümüzdən kiçik görmürük. Bizim üçün məsələ hələ bağlanmayıb. İnşallah mən də komandamla birlikdə Bolqarıstanda olacağam. Futbolçulara ürək-dirək, dəstək verək. Hesab edirəm ki, səfərdə evdəkindən bir az daha yaxşı oynasaq, mərhələni keçə bilərik. Çünki artıq rəqibi tanıyırıq, oyun üslubuna bələdik. Əlimizdən gələni edəcəyik. İnanıram ki, qələbə qazanacağıq.
O, əsas hədəflərinin Çempionlar Liqasının qrup mərhələsi olduğunu söyləyib: "Oyunumuzla da bunu göstərdik. Bütün fikrimiz Çempionlar Liqasındadır. Bolqarıstana qələbə üçün gedəcəyik".
Premyer Liqadan da söz açan klub prezidenti cari mövsümün daha maraqlı və çətin keçəcəyinə inanır: "Rəqabətli liqa, çətin oyunlar bizi bu cür matçlara daha yaxşı hazırlaşdırır. komandaların böyüməsinə səbəb olur. Həmişə ölkə futbolunun inkişafını dəstəkləyirik. Çünki bu, Avropada bizə çox lazım olur".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
HƏŞİM