
"Məni Azərbaycana AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dəvət edib. Tədbiri fantastik və yüksək səviyyədə təşkil etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Burada 3 beynəlxalq dərəcəli referi var, onları artıq tanıyıram. Bakı və Azərbaycan haqqında yüksək təəssüratlarım var. Dostcanlı, qonaqpərvərdirlər".
Sportnet.az xəbər verir ki, bunu Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers deyib.
Niderlandlı sabiq FIFA referisi bildirib ki, beynəlxalq dərəcəli hakimlərin sayını artırmaqdansa keyfiyyətə önəm vermək lazımdır: "Siz 3 FIFA referinizlə - Əliyar Ağayev, Elçin Məsiyev və Kamal Umudlu ilə qürur duymalısınız. Çünki Ağayev və Məsiyev birinci kateqoriyadadırlar. Umudlu isə 29 yaşının olmasına baxmayaraq, beynəlxalq dərəcəyə malikdir. Bu yolda inkişafınızı davam etdirin. Hazırda UEFA-da bir yer də var ki, siz ondan ötrü müraciət edə və hakimlərinizin səviyyəsini artıra bilərsiniz".
O, azərbaycanlı hakimlərin UEFA Çempionlar Liqası oyunlarına təyin olunmama səbəbini açıqlayıb: "Bu səviyyəyə çatmaq üçün əzmkar çalışmaq lazımdır. Məsələn, Əliyar Ağayevin özü 4 UEFA Çempionlar Liqası oyunu idarə edib, bu da nailiyyətdir. İnkişaf etmək üçün çalışmağa davam etməlidir".
B.Kuypers Azərbaycanda gənclərin hakim olmağa marağın itməsi haqda da söz açıb: "Düşünürəm ki, bu problem başqa ölkələrdə də var. Bizim işimiz çox mürəkkəb və məsuliyyətdi işdir. Cavanlardan həm oğlanlar həm qızları bu işə dəvət edərək həvəsləndirməliyik. Onlara təkan verməliyik ki, işlərinə davam etsinlər".
Keçmiş referi son olaraq Bakıda keçirilən tədbirin təşkilindən razı olduğunu vurğulayıb: "Artıq iki gündürki Azərbaycandayam, lakin sizin xalqın istiqanlı və mehribanlı olmasını görmək mənə bəs etdi. Tədbir də çox yaxşı təşkil olunmuşdu. Hakimlərin artması üçün UEFA təşviqat proqramı da başlayıb ki, Azərbaycan da burada iştirak edə bilər".