
Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Belarus yığması olub.
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi matçda hesabı 59-cu dəqiqədə cərimə zərbəsindən sonra Pavel Zabelin açıb. 78-ci dəqiqədə isə meydana yenicə daxil olan Nikita Demçenko Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalaraq, yekun nəticəni müəyyənləşdirib.
Oyunun sonlarında isə Amin Seydiyev zədələnərək, meydanı tərk edib.
Bu oyun 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyıb. Azərbaycan millisi martın 22-də Sumqayıtda keçirdiyi yoldaşlıq görüşündə Haitiyə 0:3 hesabı ilə uduzub. Belarus isə Düşənbədə Tacikistan yığmasını darmadağın edib - 5:0.
Haiti ilə görüşdə qırmızı vərəqə alan Elvin Cəfərquliyev və son məşqlərin birində zədələnən Şahrudin Məhəmmədəliyev bugünkü matçda forma geyinməyib.
Belarus DÇ-2026-nın seçmə mərhələsində Danimarka, Yunanıstan və Şotlandiya ilə birlikdə C qrupunda yer alıb. Azərbaycan millisi isə D qrupunda Fransa, Ukrayna və İslandiyaya rəqib olub. Hər iki qrupda mübarizəyə sentyabrın 5-də start veriləcək.
Yoldaşlıq görüşü
25 mart
21:45. Azərbaycan - Belarus - 0:2
Qollar: Pavel Zabelin, 59. Nikita Demçenko, 78
Azərbaycan: 23. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə (k), 6. Ozan Can Kökçü, 10. Mahir Emreli, 14. Zamiq Əliyev (5. Rəhman Daşdəmirov, 83), 17. Toral Bayramov, 18. Səbuhi Abdullazadə (8. İsmayıl İbrahimli, 83), 19. Nəriman Axundzadə (9. Renat Dadaşov, 62), 21. Mert Çelik (2. Amin Seydiyev, 67), 24. Xəyal Əliyev, 25. Şahin Şahniyarov (7. Coşqun Diniyev, 62)
Ehtiyat oyunçular: 1. Əlirza Müştəbəzadə, 12. Aydın Bayramov, 11. Ağadadaş Salyanski, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 20. Aleksey İsayev, 22. Musa Qurbanlı
Baş məşqçi: Fernandu Santuş
Belarus: 16. Fyodor Lapouxov, 2. Kirill Peçenin (22. Vadim Piqas, 59), 3. Pavel Zabelin, 4. Aleksey Qavriloviç, 6. Sergey Politeviç (8. Valeri Boçarov, 66), 9. Maks Ebonq, 10. Valeri Qromko (7. Pavel Sedko, 46), 14. Yevgeni Yablonski (15. Nikita Demçenko, 77), 17. Vitali Lisakoviç, 19. Yuri Kovalev (20. Dmitri Prişepa, 66), 23. Trofim Melniçenko (18. German Barkovski, 59)
Ehtiyat oyunçular: 1. Maksim Belov, 12. Pavel Pavlyuçenko, 5. Yeqor Parxomenko, 11. Artyom Kontsevoy, 13. Maksim Kasarab, 21. Artyom Şumanski, 24. Kirill Zinoviç
Baş məşqçi: Karlos Alos
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”.