
"Nəticədən nə məyusuq, nə də sevincliyik".
Sportnet.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Toral Bayramov Latviya ilə səfərdə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra deyib.
24 yaşlı müdafiəçi qələbə üçün əllərindən gələni etdiklərini bildirib: "Bir çox fürsətimiz olsa da, bunlardan yararlana bilmədik. Müdafiədə kollektiv olaraq yaxşı çıxış etdiyimizi düşünürəm. Növbəti oyunlarda hücumda da yaxşı oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirik".
Bayramov millinin son 5 oyunda qol vurmamasını, vurulan son iki qolun isə ona məxsus olması ilə bağlı bunu deyib: "Əlimə fürsət düşüb, yararlanmışam.
Hamı qol vurmaq istəyir və bunun üçün əlindən gələni edir. Bəxt amili də öz rolunu oynayır. Bu matçdakı imkanlar əlimizdə başqa oyunda düşsəydi, hamısını vurarıq. Təəssüf ki, vura bilmədik".
O, hər zaman köynəyini oyundan sonra azarkeşlərə verdiyini vurğulayıb: "Bunu hər oyundan sonra edirəm. Sağ olsunlar, əziyyət çəkib gəlirlər. Çox zaman onları sevindirə bilmirik. Ən azından forma ilə onları sevindirməyə çalışıram".