
"Qələbə qazanmağı çox istəyirdik. Təəssüf ki, bunu bacara bilmədik. Lakin əvvəlkilərə nisbətən daha yaxşı oyun göstərə bildik".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı evdə Macarıstan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşü barədə danışarkən deyib.
23 yaşlı hücumçu rəqibin heyət baxımından üstün olduğunu bildirib: "Əlbəttə, rəqib yüksək səviyyəli idi. Üstünlükləri heyət baxımından idi. Bunu görmək üçün xüsusi bir şey lazım deyil. Biz də əlimizdən gələni etdik. Fikrimcə, bacardığımız qədər mübarizə apardıq.
Yaxşı oynadığımızı deməzdim. Çünki yaxşı oynasaydıq, qələbə qazanardıq. Amma rəqibin səviyyəsi bəlli idi. Heyətindəki oyunçular fərdi ustalıqları hesabına 2 qol vurdular və qələbə qazandılar".
Qurbanlı 2026-cı il dünya çempionatının seçmə mərhələsinə daha yaxşı hazırlaşmağa çalışacaqlarını diqqətə çatdırıb: "Macarıstanla görüş rəsmi matçlara hazırlıq baxımından çox vacib idi. Çalışacağıq ki, dərs çıxaraq, çıxışımızı daha da yaxşılaşdıraq, rəsmi oyunlara daha yaxşı hazırlaşaq və daha hazırlıqlı olaq. Maksimum çalışacağıq ki, yaxşı nəticə əldə edək və növbəti oyunlarda qələbə qazanaq".
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Ukrayna, İslandiya və Fransa ilə birlikdə D qrupunda yer alıb.