
İspaniyanın "Real Madrid" klubu futbolçuların zədələnməsinin qarşısını almaq üçün süni intellektdən istifadə edir.
Sportnet.az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu yay "ThermoHuman"ın həmtəsisçiləri Xavier Arnais və İsmael Fernandesi işə götürüb.
Onlar futbolçuların zədələnməsinin qarşısını almağa kömək edən texnologiyanın tətbiqinə cavabdehdirlər.
"Kral klubu"nun oyunçuları xüsusi kamera qarşısından keçirlər, bundan sonra süni intellekt proqramı bədənin iki nahiyəsi arasında mümkün asimmetriyaları (istilik fərqləri) aşkar edərək, nəticədə yaranan təsvirləri təhlil edir. Zamanla alınan çoxlu məlumatlardan istifadə edən bu üsul zədələnmə riskini müəyyən etməyə kömək edir.
Qeyd edək ki, "ThermoHuman" 2015-ci ildə yaradılıb. Şirkət "Bayer Leverkuzen" (Almaniya), "Aston Villa" (İngiltərə) və "Nitsa" (Fransa) kimi klublarla da əməkdaşlıq edir.