
Türkiyənin "Qalatasaray" komandasının sabiq futbolçusu Serj Oryo xoşagəlməz vəziyyətlə üzləşib.
Sportnet.az-ın RMC Sport-a istinadən məlumatına görə, bu yay İran "Persepolis"inə keçən 32 yaşlı müdafiəçidə hepatit B aşkarlanıb.
Kot d ivuarlı oyunçu 3 ay karantində qalacaq. İran Futbol Federasiyası isə ona yerli çempionatda oynamaq üçün lisenziya verməyib. Təcrübəli futbolçunun virus daşıyıcısı olmayacağı müddətədək "Persepolis"in heyətində məşq etməsinə də qadağa qoyulub.
Hepatit B testi 3 ayda bir dəfə götürülür. 3 aydan sonra Oryonun testləri yenə virus olduğunu göstərsə, ona daha 3 ay gözləmək lazım gələcək.
Hepatit B qaraciyərin infeksion xəstəliyidir. Bu virus çox yayıldığından, daşıyıcılarını karantinə yerləşdirirlər.
Qeyd edək ki, Serj Oryo Fransanın PSJ, İngiltərənin "Tottenhem" və İspaniyanın "Vilyarreal" kimi tanınmış komandalarının da formasını geyinib.