
"İlk növbədə, hər kəsi təbrik edirəm. Çünki buna ehtiyacımız var idi. Futbolçuları da təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov evdə Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə qrup matçından sonra CBC Sport-a açıqlamasında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, ağır, yorucu səfərdən qayıtdıqdan sonra milli üzvlərinə vuruşmaq, xarakter göstərmək lazım idi: "Son hadisələrlə əlaqədar çox çətin durumda idik. Məncə, bu gün futbolçular üzərlərinə düşəndən artığını etdilər. Bir gün vaxtımız var idi, çox şeyi dəyişə bilməzdik. Dünən komanda ilə çoxlu söhbət apardıq. Sağ olsunlar, təcrübəli futbolçular komandanın bir araya gəlməsində kömək etdilər. Bu gün xarakter göstərdik. Məğlub da ola bilərdik. Rəqibimiz Ukrayna idi, bunu gerçək demək lazımdır. Futbolçuların xarakteri məni həqiqətən də sevindirdi. Elvin Cəfərquliyev bəlkə də bu qədər qaçmamışdı. Azarkeşlərə də təşəkkür edirəm. Hər şey yaxşı olacaq. Məncə, bu gün üzərimizə düşəni etdik".
Abbasovun fikrincə, millinin oyun üslubunda nələrin dəyişdiyini danışmaq düzgün olmaz: "Hər bir baş məşqçinin öz baxışı var. Gələcəkdə nələrsə ola bilər. Həmişə demişik: Milliyə ruh, sistem lazımdır. Bunlar da olacaq. Azarkeşlər nəticə istəyir. Bu da normaldır. Amma məncə, çoxdandır millimizdə bu istək yox idi. Demək ki, eləmək olar".