
"Onun vəfatı Tovuz və deyərdim ki, Azərbaycan futbolu üçün itkidir".
Bunu Sportnet.az-a açıqlamasında "Turan Tovuz"un sabiq prezidenti Vidadi Əhmədov klubun keçmiş icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanovun vəfatı barədə danışarkən deyib.
Əhmədov bildirib ki, Sultanov çox yaxşı analitik futbol mütəxəssisi, gözəl insan və sadiq dost olub: "Mən bu itkini dəhşətli bir hadisə kimi qəbul edirəm".
Onun sözlərinə görə, 67 yaşında ürək tutmasından dünyasını dəyişmiş keçmiş futbol funksioneri əvvəllər heç vaxt səhhətindən şikayətlənməyib: "Adətən, futbola bir yerdə gedirdik. Dünən saat 17:00 radələrində də zəng etmişdi. Ona "Turan Tovuz"un "Sumqayıt"la səfər oyununa getməyi təklif etdim. Lakin Yaşar müəllim bir qədər ağrılarının olduğunu bildirdi. Mən də "Daha sən getmirsənsə, mən də getmirəm" dedim. Futbola evdə televiziyada baxdım. Oyun başa çatdıqdan bir qədər sonra mənə zəng edib dedilər ki, vəziyyəti yaxşı deyil. Mən də yolda ikən həkimə aparılmasını təklif etdim. Bu zaman onun artıq vəfat etdiyini bildirdilər. Yaşar müəllim Bakıdakı evində keçinib. Təcili yardımın çağırılıb-çağırılmadığını bilmirəm, amma həmin vaxt yanında ailə üzvləri olub".
Əhmədov Sultanovu 1990-cı illərdən - 35 ilə yaxındır yaxından tanıdığını və münasibətlərinin yarandığını bildirib: "Valideynlərini də tanıyırdım, özü ilə hələ Rusiyanın Sankt-Peterburq şəhərində ali təhsil aldığı vaxtlardan tanış idik. Gənclik illərində həvəskar səviyyədə futbol oynayırdı. Rəhbərlikdə az müddətdə təmsil olunmasına baxmayaraq, özü daim futbolda olub. Vergi sistemində çalışırdı, amma daim oyunlarımıza gəlib-gedirdi. Bütün məsələlərin, problemlərin həllində yaxından iştirak edirdi. Qeyri-rəsmi formada daim futbolda olub".
Qeyd edək ki, Yaşar Sultanov oktyabrın 4-də vəfat edib. Mərhum bu gün Tovuz şəhər qəbiristanlığında dəfn olunub.