“Karvan-Yevlax” klubu Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”lə oyundan etibarən rəqiblərini Yevlax şəhər stadionunda qəbul edə biləcək.
Sportnet.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” arenada təmir-bərpa işləri aparıb və meydançanın ot örtüyü yenilənib.
Bu müddət ərzində PFL stadionda bir neçə dəfə təftiş işləri həyata keçirib.
Noyabrın 4-də test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.
Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq, "Karvan-Yevlax"a ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsi üçün icazə verilib.
Qeyd edək ki, noyabrın 21-də təşkil olunacaq qarşılaşma saat 14:00-da başlanacaq.



































































