Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Fransa ilə keçirilən oyundan sonra Sportnet.az-a müsahibə verib. Təcrübəli futbolçu qarşılaşma, komandadakı vəziyyət və öz zədə durumu ilə bağlı sualları cavablandırıb.
– Oyuna yaxşı başladıq, əks-hücumdan erkən qol vurduq. Amma rəqib öz keyfiyyətini göstərdi və bizə sonrakı hücumlarda şans vermədi. Daha sonra tempi artırıb qollarını vurmağı bacardılar.
– Səncə, komandanın gücü çatmadı ki, heç olmasa bir hissə hesabı qoruyub saxlasın?
Əgər qolları ikinci hissədə buraxsaydıq, bunu güc fərqi ilə əlaqələndirmək olardı. Amma cavab qollarını hələ ilk hissədə buraxdıq. Düşünürəm ki, bu, keyfiyyət fərqinin nəticəsidir.
– Komandanın əzimkar çıxışı azarkeşlərdə Millətlər Liqası üçün ümid yaradır. Siz özünüzə inanırsınızmı?
Biz komanda olaraq bir-birimizə inanırıq, bir-birimizi dəstəkləyirik. Düzdür, bəzən nəticələr ürəkaçan olmur, amma keçən illə müqayisədə irəliləyiş var. Məğlubiyyətlərimiz çox olur, amma inşallah bunu Millətlər Liqasında aradan qaldıracağıq.
– Limitin ləğvindən sonra bir çox yerli oyunçular əsas heyətə düşə bilmir və ehtiyatda qalır. Bu, fiziki durumunuza təsir edir?
Bu ciddi problemdir. Biz istəyirik ki, futbolçularımız daha çox oynasın. Oynamayanda fiziki cəhətdən geriləyirik, xüsusilə ikinci hissələrdə yorğunluq hiss olunur.
– Son oyunlarda bir neçə futbolçumuz milli komandada debüt etdi. Onların potensialı barədə nə deyə bilərsən?
Debüt edən Rüfət, Xəyal, Mustafa kimi futbolçularımızın çalışqanlığı xoşuma gəlir. Daim bu cür çıxış etsələr, milli komandaya böyük fayda verə bilərlər.
– Son oyunlarda tez-tez əvəzlənməyin nədən irəli gəlir?
“Kəpəz”lə oyundan sonra zədəm var idi. “Qarabağ”la oyuna çıxmaq riskli idi. Fikirləşdim ki, nə qədər bacarıramsa, meydanda olum, amma özümü çox riskə atmayım. Çünki bir il əvvəl zədələrdən tam sağalmadan meydanda olur, problemlər yaşayırdım. Ona görə də ehtiyatlı davranmağa çalışdım. Son 15 gün mənim üçün çətin keçdi, cəmi 2-3 dəfə məşq etmişəm.
– Davamlı zədələr çətinlik yaratmır? Yalnız bir istiqamətdə mübarizə aparmaq barədə düşünmürsən?
Bir az özümə diqqət etsəm, keçib gedir. Bu, normal haldır. Çalışıram ki, yaxşı qidalanım, bərpa olunum ki, zədələrdən qorunum.










































































