Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin futbola böyük marağının olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, 40 yaşlı idmançı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dövlət qurumları arasında keçirilən minifutbol turnirində də iştirak edir. Dövlət Gömrük Komitəsinin komandasında çıxış edən Ağayev yarışın açılış mərasimindən sonra Ədliyyə və Müdafiə nazirliklərinin komandaları arasındakı ilk oyunu canlı izləyib.
O, Sportnet.az-a müsahibəsində Ədliyyə Nazirliyinin komandasına bağlılığından və arzularından danışıb:
– Karateçi olsanız da, futbola böyük marağınız olduğu bildirilir. Bu gün Ədliyyə komandası ilə sizi birləşdirən nədir?
– Belə turnirlərin olması çox gözəl haldır. Özüm karateçi olsam da, futbola böyük həvəsim var. Uşaqlıqdan İtaliyanın “Yuventus” komandasının azarkeşiyəm, millilər arasında isə İtaliya yığmasını dəstəkləyirəm. Hər il olduğu kimi, bu il də Ulu Öndərin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol yarışı keçirilir. Son iki ilin çempionu Ədliyyə Nazirliyinin komandası olub. Bu il Azərbaycanı Dünya Korporativ Oyunlarında təmsil etdilər. Mən də həmin yarışa dəvətli idim və biz qızıl medal qazandıq. Bu gün isə Ədliyyə komandasının açılış oyununda iştirak etdi və mən də dostlarıma dəstək olmaq üçün bura gəldim. Komandada olan hər kəsə uğurlar arzulayıram.
– Ədliyyə Nazirliyinin komandası ilə şəxsi bağlılığınız nədən qaynaqlanır?
– İdman həmişə insana gözəl dostlar nəsib edir. Bu komandada oynayan uşaqlar mənim yaxın dostlarımdır. Ona görə də gəlib dəstək olmaq istədim. Baxmayaraq ki özüm Dövlət Gömrük Komitəsinin komandasının üzvüyəm və biz də bu çempionatda iştirak edirik. Bütün komandaların üzvlərinə can sağlığı arzulayıram. Arzum budur ki, çempionatı zədəsiz və problemsiz başa vuraq. Həmçinin öz komandam – Dövlət Gömrük Xidmətinə də xüsusi təşəkkürümü bildirirəm.
– Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev müsahibələrindən birində peşəkar futbol komandasında oynamaq istədiyini demişdi. Sizdə də belə bir arzu varmı?
– Sözsüz ki, hər bir idmançının çoxlu arzusu olur. Artıq 40 yaşım var, amma istək yenə də insanda qalır (gülür). Hacı Əliyev də bizim fəxrimiz, dostumuzdur. Mənim də belə bir istəyim ola bilər. Reallığa baxanda hər komandanın öz baş məşqçisi, gözəl futbolçuları var. Amma etiraf edim ki, bir gün də olsa, “Qarabağ”da oynamağı, məşqində iştirak etməyi çox istəyərdim. Əvvəllər belə bir istəyim yox idi, amma indi həm bir günlük də olsa, onlarla məşq etmək mənim üçün böyük şərəf olardı. Eyni zamanda “Yuventus”da olmaq, orada futbolçularla görüşmək istəyim yox, arzularımdan biridir. Düşünürəm ki, bu, bir həyata keçəcək.
– İdmançılar müxtəlif dövlət qurumlarında işlə təmin olunurlar. Sizə Ədliyyə Nazirliyindən hər hansı vəzifə təklif edilibmi?
– Hazırda mən Dövlət Gömrük Komitəsində idman şöbəsinin rəisiyəm, mayor rütbəsindəyəm. Məşqlərimi davam etdirməyim üçün hər cür şərait yaradıblar, çox kömək edirlər - buna görə rəhbərliyə təşəkkür edirəm. Ədliyyə Nazirliyi ilə bağlı hələlik belə bir şey yoxdur, orada dostlarımın olması mənə yetər.
– Karateçilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarını necə dəyərləndirirsiniz?
– Bütün karateçilərimizə uğurlar arzulayıram. Bu barədə heç nə deməyəcəyəm, çünki federasiya və baş məşqçi var. Nəticələri onlar dəyərləndirsinlər. Bütün idmançılarımıza uğurlar diləyirəm.
Haşım MƏMMƏDOV













































































