Braziliyanın "Botafoqo" klubu 2026-cı il üçün heyətini gücləndirmək üçün "Qarabağ"ın hazırkı və sabiq futbolçularına göz dikib.
Sportnet.az-ın məlumatına görə, bunlar Pedro Bikalyo və hazırda Macarıstan "Ferentsvaroş"unda çıxış edən Julio Romaodur.
Hər iki dayaq yarımmüdafiəçisindən ötrü ünvanlanmış ilk təklif rədd olunub. Yaxın günlərdə "Botafoqo" rəhbərliyi yeni təklif irəli sürmək niyyətindədir.
Hələlik Bikalyonun təklifə münasibəti məlum deyil. Amma Romao "Botafoqo"nun onunla maraqlanmasından məmnunluq ifadə edib. O, Braziliyanın xüsusən, A Seriyası klubuna nə vaxtsa qayıtmaq arzusunu dilə gətirib.
"Botafoqo"nun prosesi sürətləndirməyə çalışdığı bildirilir. Klubun heyətinə qatmaq istədiyi digər futbolçunun hazırda Ukrayna "Krivbass"ında oynayan Qleyker Mendosa olduğu bildirilir.
Qeyd edək ki, Pedro Bikalyo "Qarabağ"a bu yay Braziliya "Palmeyras"ından transfer olunub. Julio Romao isə 2025-ci ilin fevralında "Qarabağ"dan "Ferentsvaroş"a keçib.









































































