"Biz bura qələbə üçün gəlmişdik və istədiyimizə nail olduq. Turnir cədvəlində lider olmağımız çox qürurvericidir".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının futbolçusu Coy Lens Mikels səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ardıcıl 3 oyundur qol vuran 31 yaşlı hücumçu komandadakı durumundan razılıq ifadə edib: "Hazırda hər şey mənim üçün yolunda gedir. Amma eyni zamanda komanda da daha yaxşı oynayır və bu, mənə çox uyğundur. İndi fərqli mövqedə çıxış edirəm. Bu mövqeyə getdikcə daha yaxşı uyğunlaşır və inkişaf edirəm. Ümidvaram ki, belə də davam edərək, komandam üçün daha çox qol və məhsuldar ötürmələrlə faydalı ola biləcəyəm".
31 yaşlı almaniyalı müdafiəçi dekabrın 18-də "Qarabağ"a qarşı evdə keçirəcəkləri ilk turdan təxirə salınmış oyun barədə də danışıb: "Qarşıda bizi "Qarabağ"a qarşı böyük oyun gözləyir. Amma əvvəlcə onların "Araz-Naxçıvan"la ev oyunundan necə ayrılacağına baxacağıq. İstənilən halda, biz "Qarabağ"la oyuna tam hazırıq".
Qeyd edək ki, hazırda "Sabah" 31 xalla turnir cədvəlində, Coy Lens Mikels isə 8 qolla bombardirlər siyahısında liderdir.









































































