"Neftçi"nin əsas komandası mövsümün ilk yarısında uğursuz çıxışı ilə dillər əzbəri olub.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Azərbaycan Premyer Liqasındakı 16 tur ərzində cəmi 20 xal toplaya biliblər.
Oyunlardan 4 qələbə, 4 məğlubiyyətlə ayrılan komanda 8 heç-heçəyə "imza atıb".
İlk 12 turda "Neftçi"yə Samir Abasov, növbəti 2 turda Sənan Qurbanov, son 2 turda isə Yuri Vernidub rəhbərlik edib. Yalnız Vernidubun vaxtında paytaxt təmsilçisi məğlubiyyət acısı dadmayıb. Ukraynalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv meydançanı 1 qələbə, 1 heç-heçə ilə tərk edib.
Bununla belə, "ağ-qaralar"ın təsəlli yeri də var. Bu, "Neftçi"nin qadınlardan və azyaşlılardan ibarət komandalarıdır. Yüksək Qızlar Liqasında 11 oyununun hamısından qalib ayrılan kollektiv 33 xalla vahid lider olub.
Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda Siyasət Əsgərovun baş məşqçi olduğu komanda 2025-ci ilin qadınlardan ibarət ən yaxşı klublar arasında yer alıb. Dekabrın 23-də "Buta Palace"də keçirilmiş Qala Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Neftçi"yə ikinci yer üçün nəzərdə tutulan mükafatı təqdim edib.
Oğlanlara gəldikdə, AFFA Gənclər Liqasında 11 oyundan 25 xalla 3-cü yerdə gedən "Neftçi" U-17 Liqasında 24 xalla 2-ci pillədə qərarlaşıb. Əvəzində "ağ-qaralar" U-16 Liqasında ilk mərhələni 31 xalla lider kimi tamamlayıb və 8 komandanın iştirak edəcəyi final mərhələsinə yüksəlib.












































































