Qubada Şimal Regional Futbol Federasiyasının (ŞRFF) təşkilatçılığı ilə "Novruz -2026" turniri keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda 2015/2016 təvəllüdlü uşaqlardan ibarət 9 komanda iştirak edib.
Sumqayıt, Quba, Qusar, Xudat və Füzulini təmsil edən kollektivlər qalib adı uğrunda mübarizə aparıblar.
İki qrupda bölünən komandalar arasında 1 və 2-ci yeri tutan kollektivlər həlledici mərhələyə vəsiqə qazanıb. 3-cü yer uğrunda görüşdə "Zəfər" "Ərgünəş"lə üz-üzə gəlib. Matç birincilərin qələbəsi ilə başa çatıb.
Çempion adı uğrunda görüşdə isə İOUGİM (Sumqayıt) və "Sumqayıt Siti" qarşılaşıb. Oyun İOUGİM-in qələbəsi ilə başa çatıb.
Bundan başqa veteran futbolçular arasında mini-turnir də təşkil olunub. Yarışın qalibi adını veteranlardan ibarət yığma komanda qazanıb. Sumqayıt ikinci, Qusar üçüncü, Quba isə dördüncü yeri tutub.
Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçirilib. ŞRFF prezidenti Fəxrəddin Həsənov turnirdə yaxından köməklik göstərdiyinə görə, Quba Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Qumru Məmmədovaya, Quba İdman, İstirahət, Təlim və Tədris Mərkəzinin direktoru Mina Əfəndizadəyə, veteran futbol hakimi Akif Əlliyevə, Quba rayon Polis İdarəsinə və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Quba üzrə təcili tibbi yardım stansiyalarına təşəkkürnamə təqdim edib.
Qalib komandalara və ayrı-ayrı nominasiyalarda fərqlənənlərə Respublika Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, ŞRFF-nin prezidenti Fəxrəddin Həsənov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Quba İdman, İstirahət, Təlim və Tədris Mərkəzinin direktoru Mina Əfəndizadə tərəfindən medallar və diplomlar təqdim olunub. Digər iştirakçı komandalara isə xatirə hədiyyələri verilib.
Qeyd edək ki, oyunları hazırda Premyer Liqa oyunlarına təyinat alan Alik Yunusov və sabiq referi Azad Mütəllimov idarə ediblər.













































































