Türkiyə millisinin yarımfinala yüksəlməsi mənim üçün çempionluq qədər dəyərli olar.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq məşqçisi Hamza Hamzaoğlu bu gün start götürəcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.
Mütəxəssis Türkiyə millisinin mundiala qədər uğurlu yol keçdiyini vurğulayıb: “Milli komandamız dünya çempionatına yaxşı hazırlaşıb. Düşünürəm ki, qrup mərhələsini adlayacağıq. Bundan sonrakı mərhələdə yarımfinala yüksəlmək isə mənim üçün çempionluq qədər dəyərli olar. Çünki çox güclü komandaların iştirak etdiyi dünya çempionatını izləyəcəyik. Belə bir turnirdə yer almaq böyük uğurdur. Ancaq bura qədər gəlib çıxmışkən inanıram ki, millimiz mümkün olan ən yaxşı nəticə ilə Vətənə qayıdacaq”.
Türkiyə millisinin hədəflərindən söz açan təcrübəli mütəxəssis deyib: “Kuboku qazanmağı hamımız istəyirik. Amma hazırda komandada müəyyən çatışmazlıqların olduğunu düşünürəm. Bəzi rəqiblərlə fiziki mübarizədə çətinlik çəkə bilərik, müdafiədə problemlər yaşaya bilərik. Bununla belə, futbolçularımıza inanıram. Onların əllərindən gələni edəcəklərinə şübhəm yoxdur. Mənim üçün əsas məsələ komandanın meydanda yaxşı mübarizə aparmasıdır. Bu halda əldə olunacaq istənilən nəticə uğur hesab edilə bilər”.
H.Hamzaoğlu açılış oyununda üz-üzə gələcək Meksika və Cənubi Afrika milliləri barədə də danışıb. “Bu komandaları zəif hesab etmək düzgün olmaz. Dünya çempionatına vəsiqə qazanan hər bir yığma hörmətə layiqdir. Meksikanın ev sahibi kimi açılış oyununda iştirak etməsi maraqlıdır. Düşünürəm ki, bu qarşılaşma azarkeşlər üçün baxımlı keçəcək. Daha güclü komandaların bir-biri ilə görüşlərinin sonrakı mərhələlərə saxlanılması isə turnirin həyəcanını artırır”, - deyə o bildirib.
Türkiyə millisinin sabiq məşqçisi turnirin favoritlərini də açıqlayıb: “Favoritlərim arasında Fransa, İspaniya və Argentina milliləri var. Xüsusilə İspaniyanın şanslarını yüksək qiymətləndirirəm. Bundan başqa, ABŞ və Yaponiya yığmalarının da sürpriz nəticələrə imza ata biləcəyini düşünürəm”.
Qeyd edək ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.





















































































