Rusiyanın "Zenit" klubunun baş məşqçisi Andre Villaş Boaş cari mövsümün sonunda komandanı tərk edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis Rusiya Premyer Liqasının VIII turunda keçiriləcək MOİK ilə oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib.
O bildirib ki, müqavilə müddətini artırmaq barəsində klubdan təklif gəlib, lakin bunu qəbul etməyib: "Mövsümün sonunda klubu tərk edəcəyəm. İndi isə Çempionlar Liqasında uğurlu çıxış etmək lazımdır. heyət olduqca məhduddur. Biz istədiyimiz hər kəsi almamışıq. Buna baxmayaraq qrupdan çıxmağa çalışacağıq".
37 yaşlı mütəxəssis ötən ilin yazında "Zenit"in baş məşqçisi təyin olunub və bu postda italiyalı Luçano Spallettini əvəzləyib. Boaşın rəhbərliyi altında komanda ötən mövsüm çempionluğu bayram edib və Rusiya Super Kubokunun qalibi olub. O, "Zenit"ə gələnə qədər Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi" və "Tottenhem" klublarında işləyib.
Qeyd edək ki, "Zenit" hazırda Premyer Liqada 7 oyundan sonra 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider MOİK-dən 6 xal geri qalır.