"İnter"in yeni transferi Vüqar Nadirov "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "İnter"in heyətində ilk oyununuz necə dəyərləndirirsiniz?
- Məncə, ilk oyunum normal alındı. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdım. Oyun faktiki olaraq, tək qapıya gedirdi. "Zirə" 90 dəqiqə ərzində cəmi 2 hücum qurdu və hər ikisində qapımızda qol gördük. Oyunu biz udmalı idik. Amma qismət belə imiş.
- Qapıya zərbə endirməyi sevən futbolçusunuz. Epizodların birində daha əlverişli mövqedə olan komanda yoldaşınız ötürmə əvəzinə zərbə endirməyinə etiraz etdi...
- Oyun epizodudur, bu cür hallar yaşana bilər. "Çərçivə"ni görəndə zərbə endirməyə meyl göstərirəm. Zərbədən sonra topu qapıçı elə həmin oyunçunun üstünə də göndərə bilər.
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Futbolda istənilən nəticə qeydə alına bilər. Bunu faciəyə çevirmək lazım deyil. Hesab edirəm ki, qış fasiləsindən sonra ilk oyun üçün "İnter” kifayət qədər məzmunlu futbol sərgilədi.
- Ancaq ən yaxın izləyicinizə məğlub olaraq, turnir cədvəlindəki yerlərinizi dəyişdiniz...
- Əlbəttə, 3 xal qazanmaq istəyirdik. Belədə, nəinki "Zirə” ilə xal fərqini artırmış olardıq, həm də "Qarabağ”a yaxınlaşardıq. Ancaq nə edə bilərik?
- "İnter”in cəzalandırılması və avrokuboklardan 1 mövsümlük kənarlaşdırılması mövzusu gündəmdədir...
- Bu sual hələ ki, açıq qalır. Onu mövsümün sonunda biləcəyik. Biz hər oyunda maksimum nəticə əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik.
- Qış fasiəsində təlim-məşq toplanışını ölkə xaricində keçən klubların əksəriyyəti 3-cü dövrənin ilk turunda məğlub oldu. Bu, mediada birmənalı qarşılanmadı...
- Əvvəla, 1 oyunla hansısa fikir bildirmək düzgün deyil. İkincisi, "Zirə” də hazırlığını Türkiyədə keçib. Udullar ki...
- Türkiyə toplanışının Azərbaycandakı hazırlıqlardan üstünlüyü nədədir?
- Hava şəraiti normal qrafiklə məşq etməyə imkan verir. Ümumi şərait də, sınaqçı rəqiblərin seçimi də Türkiyədə daha münasibdir. Əminəm ki, Antalya toplanışının bəhrəsini görəcəyik. Əsas səbrdir, düşünəm ki, uğurlu nəticələr uzaqda deyil.