"İlk yarıda yaxşı oynamadıq. Amma ikinci hissə başlayanda istədik ki, rəqibi əks-hücumda yaxalayaraq, qolumuzu vuraq. Özümüz qol buraxsaq da, komandamız ruhdan düşmədi. Bərabərlik qolunu vurduq. Qələbə topuna da imza ata bilərdik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Araz Abdullayev "Rəvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra deyib.
"Rəvan"ın yaxşı oyun münasibətilə təbrik edən kapitan bildirib ki, rəqibin bir xal götürməsi də böyük hadisədir. O, "Xəzər Lənkəran"la keçirəcəkləri növbəti oyunda azarkeşləri yaxşı oyunla sevindirməyə çalışacaqlarını vurğulayıb.
Abdullayev bu mövsüm ikinci dəfə "Rəvan"ı yenə bilməmələrinin səbəbini də açıqlayıb: "Düzdür, "Qarabağ", "Qəbələ" kimi komandalarla oyunlarda istər-istəməz köklənmə daha yüksək olur. "Rəvan" kimi komandalarla oyunlarda isə öz aramızda da danışırıq, çalışırıq ki, rəqibə daha ciddi yanaşaq. Bu, futboldur. "Rəvan"ı aşağılamaq istəmirəm. Amma "Neftçi"yə qarşı imkanlarından daha artıq səviyyədə çıxış edirlər. Biz də çalışdıq. Qalib də gələ bilərdik. Amma qismət heç-heçə oldu".
Kapitan referi Elvin Əsgərovun idarəçiliyi və oyunboyu ona tez-tez etiraz bildirməsindən də danışıb: "Narazılıqlar oyunda qaldı. Meydandan kənarda Əsgərovla yaxın dostuq, söhbət edirik. Hamı istəyir ki, qalib gəlsin. Oyunun tempi bir az qalxanda istəyirsən ki, daha da qalxsın. Çünki bu halda oyun həm baxımlı, həm də qol vəziyyətləri çox olur. Oyun tez-tez dayananda temp də ölür, istədiyini də əldə edə bilmirsən. Etirazlarımız sırf futbolla bağlı idi. Başqa bir şey yox idi".