İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun yeni prezidenti seçilib. "Report"un məlumatına görə, bu, UEFA-nın baş katibi Canni İnfantinodur.
O, ikinci turda 115 səslə birinci yeri tutub. Şeyx Salman ibn İbrahim əl-Xəlifə 88, Əli ibn əl-Hüseyn 4 səs toplayıb. Jerom Şampana isə heç kim səs verməyib. Qaydalara əsasən, səslərin yarıdan çoxunu topladığı üçün C.İnfantino FİFA prezidenti olub.
Yeni FİFA prezidenti 2019-cu ilədək bu vəzifədə çalışacaq.
----------------------------------------------------------------------
İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisinin ikinci turu start götürüb. Sportnet.az-ın məlumatına görə, bu post uğrunda ilk turdakı kimi, 4 namizəd mübarizə aparır.
Bunlar UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn və FİFA baş katibinin sabiq müavini Jerom Şampan mübarizə aparır. İlk turda 88 səslə İnfantino qalib gəlib. əl-Xəlifə 85, əl-Hüseyn 26, Şampan 7 səs yığıb. İkinci turda qalib olmaq üçün bir namizəd səslərin 50 faizini (104 səs) qazanmalıdır.
Qalib müəyyənləşməsə, üçüncü tur təyin olunacaq. Növbəti tura 3 lider çıxacaq.
Qeyd edək ki, ilk turda səslərin 2/3 hissəsini toplamaq lazım gəlib.
_________________________________________________
Bu gün İsveçrənin Sürix şəhərində dünya futbolunun yeni rəhbərinin adı müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, FİFA-nın Növbədənkənar Konqresində prezidentlik postu uğrunda 6 nəfər mübarizə aparacaq.
Bunlar İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir. Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib. AFK prezidenti və UEFA-nın baş katibi favorit hesab olunur. Qapalı şəkildə keçiriləcək seçkidə ilk turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır.
Bir müddət əvvəl İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.
Konqresdə AFFA nümayəndələri də təmsil olunacaq.
Qeyd edək ki, FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.