Azərbaycan Premyer Liqasında 4-cü dövrənin startı ilə cari mövsümün ilk "abunəçi"si müəyyənləşib. Sportnet.az-ın məlıumatına görə, bu, autsayder "Xəzər Lənkəran” olub.
Cənub təmsilçisi "Qarabağ”a bu çempionatda 4-cü oyunda da uduzub – 1:2. Lənkəranlılar liderdən, son 2 mövsümün qalibindən daha öncə 2 dəfə 0:1, 1 dəfə 0:3 hesabı ilə məğlubiyyət alıb. Göründüyü kimi, "ağ-yaşıllar” "Qarabağ”ın qapısına bu çempionatda yalnız son oyunda yol tapa bilib. Bunun müəllifi olan gənc hücumçu Turakl Qürbətov komandasının çempionatda "Fırtınalar meydanı”nda uzun müddətdən sonra qoluna imza atıb.
"Xəzər Lənkəran"a "abunəçi damğası"nı Mahir Mədətov etdiyi dublla vurub. Son vaxtlar məhsuldar oyun nümayiş etdirən 19 yaşlı hücumçu Premyer Liqada ilk dubluna imza atıb.
"Qarabağ” növbəti turda daha bir "abunəçi"ni müəyyənləşdirə bilər. Çünki aprelin 8-də qəbul edəcəyi "Kəpəz də bu mövsümdə ona hər 3 oyunda uduzub – 2:3, 0:3, 1:2.
Qeyd edək ki, "abunəçi” "İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolovun bir vaxtlar Azərbaycan futboluna gətirdiyi termindir. O, "Neftçi” ilə oyun ərəfəsində rəqibə hər dəfə qalib gəldiklərinə işarə vuraraq onu "abunəçi” adlandırmışdı.