
"Qarabağ" və "Neftçi" klubları ev oyunlarını keçirdiyi stadionları may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına verəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə hər iki klubun mətbuat xidmətindən bildirilib.
Səbəb kimi "Azərsun Arena" və "Bakcell Arena"nın mayın 5-dən start götürəcək qitə çempionatının oyunları üçün ayrılması göstərilib.
"Qarabağ"ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. "Neftçi"nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub. "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. "Bakcell Arena"da isə "Neftçi" mayın 7-də XXXIII turda AZAL, mayın 15-də XXXV turda "İnter"lə qarşılaşacaq. Klublardan "Report"a verilən məlumata görə, hələlik ev oyunlarının hansı stadionda keçiriləcəyi müəyyənləşməyib.
Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.