"Özüm də oyundan əvvəl tərəddüd edirdim ki, hücum xəttində problem yaşayacağıq. Çünki Murad Səttarlının səhhətində problemin yaranması, hərarətinin qalxması pis oldu. "İnter"in nizam-intizamlı müdafiəsi, aqressiv oyunundan xəbərdar idim". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIX turunda "İnter"ə səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
45 yaşlı mütəxəssis komandasına motivasiyanın gərəkliyini bildirib: "Çalışdıq ki, "İnter"in bir səhvindən istifadə edib qol vuraq. Futbolçularımız tapşırığı yerinə yetirdi, amma hər halda bir xal götürsəydik, daha yaxşı olardı. Qismətimizdə bu vardı. Futbolçularımızdan razıyam. Məğlubiyyət bizə qarşıdakı oyunlar üçün motivasiya olacaq. Komandaya iki gün istirahət veriləcək. Fikrət Hüseynov da futbolçularla görüşdü və danışdı. Qarşıdakı oyunlara motivasiya olunmaq, "Sumqayıt"la oyuna yeni əhval-ruhiyyədə çıxmaq lazımdır. Futbolçuları hazırlıq səviyyəsinə görə meydana buraxıram. Aleksandr Qurulinin başqa potensialı var. Bu gün ehtiyatdan oyuna daxil oldu və hiss olunur ki, dəyişiklik var. Sol cinahda tək futbolçumuz Emin Cəfərquliyevdir. Ona nəsə olsa, həmin cinahda oynayan başqa futbolçumuz yoxdur. "İnter"i məğlub edə bilmirik. Hər bir komandanın sevmədiyi bir rəqib var. Bizdə də "İnter"lə alınmır. Bu il "Qarabağ"ı məğlub etmişik, amma "İnter"lə oyun alınmır. Bizim üçün xoş olmayan komandadır. Mənim ötən ildəki Freddi Mombonqo kimi hücumçum olsaydı, başqa cür alınardı. Mən də istərəm ki, xal qazanım. Bu gün məğlub olmuşamsa, o mənim işimdir. Mütəmadi oynamaq bəhanə deyil. "Real Madrid" və "Barselona" ildə 70-80 oyun keçirir, amma heç kim şikayət etmir. Uduzmuşuq, səbəbi başqadır və bu da futbolçularla aramızda müzakirə olunacaq".
T.Əhmədov klubun fəxri prezidenti Cahangir Hacıyevlə görüşdən də söz açıb: "O, görüş deyildi. Sadəcə ağır atletika ilə bağlı gəlmişdi və bazalar yaxın olduğundan, bizimlə də görüşdü. Komandamızın hazırkı durumu barədə ona ətraflı məlumat verildi. Yaxşı olacağına inanıram. Klub prezidenti Zaur Axundovdur və yaxın vaxtlarda klubun vəziyyəti ilə bağlı məsələ öz həllini tapacaq".
Baş məşqçi xərçəng xəstəliyi aşkarlanan Rüfət Musayevin vəziyyətindən danışıb: "Ayın 11-də onu və dayısını müalicə üçün yola salacağıq. Maddi yardımlar göstərilir. İki dəfə müalicə üçün gedib və xərclər ödənilib. Hər gün onunla danışırıq. Futbolçular əmək haqqı, mükafat alanda ona da verilir. Vəziyyətində irəliləyiş var. Həkimlərin sözlərinə görə, şiş balacalaşıb. Ola bilsin ki, bu dəfə əməliyyat olunsun".