Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ilk olaraq meydana "Rəvan" və "Zirə" komandaları çıxıb.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin 4 qolundan 3-nü vuran Nelson Bonilya bombardirlər siyahısında 13 topla vahid liderə çevrilib. Salvadorlu hücumçu "Rəvan"ı bu mövsüm 5-ci dəfə məyus edib. Bu nəticədən sonra "Zirə" xallarını 66-ya çatdıraraq, lider "Qarabağ"la top fərqini yenidən 10-a endirib. "Rəvan" isə 11 xalla 10-cu pillədə qalıb.
9-cu pillədəki "Xəzər Lənkəran" isə "Böyük oyun" adlandırılan qarşılaşmada prinsipial rəqibi "Neftçi"ni qəbul edib. Bu matçda da qonaqlar sevinib. Yaganə qolu vuran Ruslan Qurbanov cəbhə xəttindəki məlum olaylarla əlaqədar əsgər salamı verməyi özünə borc bilib.
Bu nəticə də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Xallarını 38-ə çatdıran "Neftçi" 7-ci, 14 xala malik "Xəzər Lənkəran" isə 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" "Kəpəz"i 4:0, "İnter" AZAL-ı 1:0 hesabı ilə yenib. "Sumqayıt" - "Qəbələ" matçında isə qalib müəyyənləşməyib - 1:1.
10 aprel (bazar)
14:00. "Rəvan” – "Zirə” - 0:4
Qol: Luis Alberto Diez, 17. Nelson Bonilya, 52; 57; 90+2
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bayıl Arena”
16:30. "Xəzər Lənkəran” – "Neftçi” - 0:1
Qol: Ruslan Qurbanov, 39
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Xəzər Lənkəran” mərkəzi stadionu