"Zirə”nin kapitanı Rəşad Abdullayevin Sportnet.az-a müsahibəsi
- Böyükhesablı qələbə qazandığınız "Rəvan"la oyunu necə dəyərləndirərdin?
- Oyunun başlanğıcı bizim üçün bir az çətin oldu. Bu, 3 xalı götürməli olduğumuz vacib bir matç idi. Çünki rəqiblərimizdən daha da aralanmaq istəyirdik. Ilk hissədə tez qol vurmağımız bizə kömək etdi. Sonradan hücumlarımızı artırdıq və ikinci hissədə rəqibi tam üstələdik.
- Bir vaxtlar oynadığın klubun indiki vəziyyəti sənə necə təsir edir?
- Əlbəttə, pis. "Rəvan” pis komanda oilmayıb, burda da oynamışam. Hiss olunur ki, maddi problemləri var. Ümid edirəm ki, düzələr.
- UEFA-nın məlum qərarına görə, avrokuboklarda oynaya bilməyəcəksiniz. Belə olan halda, özünüzü necə motivasiya edirsiniz?
- Biz yenə də ümidimizi itirmirik. Hər oyunda qələbəyə oynayırıq. Avrokuboka vəsiqə qazanaq, sonra nə qərar verəcəklər, baxarıq.
- Ümidiniz nəyə qalıb?
- Ola bilsin, AFFA tərəfindən bizə kömək olundu. Çünki komanda bu qədər əziyyət çəkib. Yenə də ümidimiz qalır.
- Artıq nəinki "Zirə”nin, ümumiyyətlə, çempionatımızın veteran futbolçularından birisən. Bir ara əsas heyətdən kənarda qalırdın, indisə demək olar ki, həmişə əvəzlənirsən. Öz çıxışından nə dərəcədə razısan?
- Durumum normaldır. Nə vaxt meydana çıxıramsa, öz oyunumla komandama kömək etməyə çalışıram. Hələ ki güc var, oynayıram. Nə vaxt hiss etsəm ki, gücüm bitib, ondan çıxışımı başa vuraram.
- Belə çıxır ki, cari mövsüm sənin üçün son olmayacaq?
- Yəqin ki. Hələ oynayıram.
- Klubla müqavilən bitir?
- Bəli,
- Uzatmaqla bağlı danışıq var?
- Hələ yox. İndi bunu fikirləşmirik. Qarşıdakı vacib matçlarımız bitəndən sonra qərar verəcəyəm ki, oynayacağam, ya yox.
- Ümumiyyətlə, "Zirə” karyeranda hansı iz buraxıb? Bir müddətlik fasilədən sonra yenidən iddialı klubda oynadın...
- Keçən mövsüm AZAL-da oynadım. Orda da yaxşı çıxış etdik. Ancaq sonda maddiyyatla bağlı komandada düşüş oldu. Halbuki, 3-cü yerə gəlib çıxmışdıq. "Zirə”nin də öz iddiası var. Burda da nəsə iz qoyub getmək istəyirəm.