 
"Neftçi"nin kapitanı Aqil Məmmədov "Qarabağ"la oyundan sonra jurnalistlərin suallarını cavaBlandırıb. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, qapıçı ilk olaraq 1:2 hesabı ilə məğlub olduqları derbini dəyərləndirib.  
	
- "Qarabağ" səviyyəli komandadır. İstər-istəməz fərdi mübarizələrdə üstünlükləri var. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Ancaq biz də yaxşı oynadıq, futbolçularımız meydanda can qoydular. Qapımıza vurulan ikinci qolda ofsayd var idi.
	
- Yenə hakim səhvi?
- Səhv demirəm.
	
- Rəhbərlik oyundan sonra nə dedi?
- Gəlib bizi təbrik etdi.
	
- Nəylə bağlı?
- Yaxşı oynadığımıza görə. 
	
- Məğlub olduğunuza görə irad bilmədi?
- Qarşıda oyunumuz var. Buna görə də əhval-ruhiyəni qaldırmaq üçün gəlib təbrik elədilər. Yəni bu oyunu unudub qarşıdakı matçları yaxşı oynamaq lazımdır. 
 
- Səncə, çıxış yolu budur?
- Başqa çıxış yolu yoxdur ki. 
 
- "İnter"lə Zirə" UEFA-nın məlum qərarına görə avrokuboklara gedə bilmirlər. Turnir cədvəlində geridə olmağınıza baxmayaraq sizin də şansınız var. Ancaq AZAL-la "Kəpəz"lə rəqabət var...
- Biz rəqib komandalara yox, öz oyunumuza baxsaq, hər oyunda qalib gəlsək, əlbəttə, bizim də şansımız olacaq. Gözləməli yox, qələbə qazanmalıyıq ki, Avropa Liqasına gedək. 
 
- Bu gedişat sizi yormur?
- Əlbəttə, qalib gəlmək istəyirsən. Ancaq hər şey qaydasındadır. İnşalah, sonda bizim üçün yaxşı olar.