"Neftçi"nin ispaniyalı futbolçusu Antonio Salas Quinta "Qarabağ"la matçdan sonra müsahivə bermək istəmədi. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, yalnız klub rəhbərliyi, konkret olaraq icraçı-direktor Elnur Məmmədovun işə müdaxiləsindən, göstərişindən sonra Anyete kimi tanınan hücumçu jurnalistlər qarşısına çıxdı. Təbii ki, ilk olaraq buna aydınlıq gətirməli idik.
- Oyundan sonra müsahibə verməyə gəlmədin. Səbəb nədir?
- Danışmamağımın xüsusi bir səbəbi yoxdur. Bizdə çox futbolçu var. Hərdən danışırıq, hərdən yox.
- Bəlkə uğursuzluğa, təzyiq olduğuna görə?
- Heç bir problem yoxdur. Mən burdayam, istəyiniz sualı verə bilərsiniz.
- Rəhbərlik deyəndən sonra jurnalistlər qarşısına çıxdınız...
- Gəlin, oyun haqda danışaq.
- Oyundan vacib sənin hansı səbəbdən danışmaq istəməməyindir...
- Keçən oyunda anlaşılmazlıq oldu. Bəlkə ona görə belə oldu. Mən burdayam, əgər sualınız varsa, buyurun verin.
- Çempionatımızda 30 tura cəmi 1 qol vurmusunuz. Bununla bağlı nə söyləyərdin?
- Futbolda belə şeylər olur. Mən ardıcıl 2 il iki müxtəlif ölkədə ən yaxşı bombardir olmuşam. Ən yaxşı oyunu göstərmək istəyəndə adətən səndə alınmır. Nəticədə belə olur.
- Alınmamağının səbəbi nədir? Bəlkə komandaya uyğunlaşa bilmirsən? Nə mane olur?
- Sözün düzü, səbəblər çoxdur. Məndə problemlər var idi. Çox ciddi zədəm vardı. Əvvəl mövsümün əvvəlində, sonra ortasında. Komanda yaxşı oynamır. Xüsusi problem yoxdur. Ancaq yenə də məndə problemlər var idi ki, bunun biri zədəydi.
- Bəs bugünkü gündə "Qarabağ"a məğlubiyyətin səbəbi nə idi?
- Bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynayırdıq. Yaxşı oynamaq üçün çalışırdıq, döyüşürdük. Ancaq nəticə istəyimiz oldu.
- Niyə? "Qarabağ" oynamağa imkan vermədi?
- Hər dəfə oyunu uduzanda iki səbəb olur. Birincisi, sən rəqibdən zəifsən. İkincisi də rəqib səndən güclüdür.
- Ümumiyyətlə, "Qarabağ"ın heyətində bugünkü oyunda kimi fərqləndirərdin?
- Onların doğrudan da çox yaxşı kollektiv oyunu var. 4-5 futbolçusu var ki, fərqlənir. Ümumiyyətlə, kollektiv oyuna üstünlük verirlər və çox yaxşı oyun göstərirlər. Stabil çıxış etdiklərinə görə belə yaxşı nəticələr qazanırlar.
- 5-6 tur öncəsi Bolqarıstan mətbuatında orada çıxış etmiş legionerlər arasında səni ən zəif legioner kimi qələmə vermişdilər. Bu haqda nə deyə bilərdin?
- Heç nə.
- Sənin hücumda oyunun yaxşı alınmır. İki metrdən topu qapıya göndərə bilmədiyin olub. Olmazmı ki, ampluanı dəyişib yarımmüdafiədə çıxış edəsən?
- Hər şey baş məşqçidən asılıdır. O, harada deyərsə, orada da oynayıram. Mən bu mövsümdə hücumçu, oyun qurucusu, yarımmüdafiənin sol cinahında oynamışam. Yəni hər bir bir mövqedə çıxış etmişəm.
- Bəs özünün harada oyunu daha yaxşı alınır?
- Yarımmüdafiədə.