"Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana bombardirlik iddiasından əl çəkmir. Sportner.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi bu yarışda yenidən 2-ci pilləyə yüksəlib.
Dani bu gün Premyer Liqada "Neftçi" ilə oyunda fərqlənməklə vurduğu qoların sayını 11-ə çatdırıb və braziliyalı komanda yoldaşı Riçard Almeyda ilə "Neftçi"nin hücumçusu Ruslan Qurbanovdan fərqlənib. Hesablarında 10 qol olan bu 2 futbolçu üçünsə matç uğursuz alınıb. Almeyda ilə Qurbanov nənki qol vurmayıb, hətta aldıqları sarı vərəqələrlə cəzalı duruma düşüblər. Bu isə o deməkdir ki, "Qarabağ"la "Neftçi" növbəti turda onların xidmətindən istifadə edə bilməcəyəklər.
Dani isə bombardirlər yarışının lideri olan "Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilyadan artıq 2 qol geri qalır. Ancaq onu da nəzərə alaq ki, Bonilyanın ehtiyatda bir oyunu var və sabah autsayder "Xəzər Lənkəran"la matçda fərqlənmək şansı çoxdur.
Kintana cari çempionatda "Neftçi"yə 2 qol vura bilib. Özü də hər ikisi qış fasiləsindən sonra olub və "Qarabağ"a qələbə qazandırıb. Onunla bərabər bu gün fərqlənən Reynaldo Silvanın isə zədədən sonra yaşıl meydana qayıdışı uğurlu alınıb. Hücumçu tez-tez fərqlənməyi bacarır.
Özü də Reynaldo "Neftçi"nin qapısına cari mövsümdə ilk dəfə yol tapırsa, ümumilikdə az qol vurmayıb. O, milli çempionatda yubiley - 30-cu qolunu ötən mövsüm "Neftçi"yə vurub və onda da qələbə topunun müəllifi olub.
Qeyd edək ki, Reynaldo "Qarabağ"ın tarixində ən çox qol vuran legionerdir.