Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Mauro İkardi bu dəfə futbol deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu İstanbulun Göytürk səmtində kirayədə qaldığı lüks villanın sahibi ilə məhkəmə çəkişməsi yaşayır.
İkardi ötən il villanı bir il müddətinə kirayəyə götürüb. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, illik kirayə haqqı 504 min ABŞ dolları təşkil edib. Lakin argentinalı futbolçu müqavilənin başa çatmasına dörd ay qalmış evi tərk edib.
Bundan sonra villa sahibi qalan dörd aylıq kirayə haqqının da ödənilməsini tələb edib. Söhbətin təxminən 8 milyon türk lirəsindən getdiyi qeyd olunur. İddialara görə, İkardi bu tələbi qəbul etməyib və nəticədə ev sahibi onun barəsində icra proseduruna başlayıb.
Futbolçunun tərəfi icra qərarına etiraz edib. Bunun ardınca villa sahibi İstanbul Sülh Hüquq Məhkəməsinə müraciət edərək etirazın ləğvini tələb edən iddia qaldırıb.
Məlumata görə, villanın sahibi müqavilə şərtlərinə əsasən İkardinin qalan dörd aylıq kirayə haqqını da ödəməli olduğunu bildirib. Məhkəmə isə işi icraata qəbul edib.
Qeyd edək ki, Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi də hələlik qeyri-müəyyən olaraq qalır. Argentinalı hücumçunun yeni mövsümdə İstanbul klubunda çıxış edib-etməyəcəyi ilə bağlı yekun qərar verilməyib.




















































































