"Kəpəz"in futbolçusu Namiq Ələsgərov bərpa dövrünü başa vurub. Bu barədə Sportnet.az-a klubun baş məşqçisi Şahin Diniyev məlumat verib.
Onun sözlərinə görə, gənc yarımmüdafiəçi sabahdan məşqləri bərpa edəcək komandada kollektiv məşqlərə qoşulacaq. Diniyev bildirib ki, bunadək fərdi məşqlərlə kifayətlənən Ələsgərovun "Rəvan"la Azərbaycan Premyer Liqasının XXXII tur qarşılaşmasında meydana çıxacağı hələ dəqiqləşməyib: "Buna oyundan öncə baxacağıq".
Qeyd edək ki, Namiq Ələsgərov aprelin 8-də "Qarabağ"la oyun zamanı zədələnib. "Kəpəz" - "Rəvan" matçı mayın 1-də keçiriləcək.