
"İnter"in UEFA-nın qərarı ilə bağlı şikayətinə aprelin 26-da baxılacaq. Sportnet.az-ın məlumatına görə, bu haqda klubun prezidenti Rəşad Qasımov "Xəzər TV"də məlumat verib.
Qasımovun sözlərinə görə, bununla bağlı CAS-dan (Beynəlxalq İdman Arbitraj Məhkəməsi) qərar gözləyirlər: "Mənim İspaniyaya qısamüddətlik səfərim bu işlərlə bağlı idi. İşlərlə bağlı səlahiyyətli nümayəndə, ona etibarnamə ilə görüşümüz oldu. Aprelin 26-da CAS-ın iclasında məsələmizə baxılacaq. UEFA-nın qərarı qarşıdakı 3 mövsümdən 1-də avrokuboklardan kənarda qalmağımızı nəzərdə tutub. Biz Avropa Liqasında yerimizi tutmaq istəyirik ki, bu mübarizədə "Kəpəz"lə "Qəbələ" əsas rəqiblərimizdir. Təbii ki, avrokuboklara qatılmaq istəyirik. Ancaq 1 ildən sonra bu imkana malik olacağıq və problem görmürük. "İnter"in hazırda heç bir legionerə borcu yoxdur. Sadəcə, qalan məbləğlərin hissə-hissə ödənilməsi ilə bağlı razılaşmamız var".
Qeyd edək ki, CAS-ın rəsmi saytında dinləmələr siyahısı və tarixləri dərc olunub. Həmin siyahıda "İnter"lə bağlı heç bir qeyd yoxdur.