"Kəpəz"in futbolçusu Şəhriyar Rəhimovun Moldovada "Daçiya" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq, Avropa Liqasında II təsnifat mərhələsinə yüksəldikləri cavab görüşündən sonra Sportnet.az-a müsahibəsi
- Təəssüratın necədir?
- Sevincimin həddi-hüdudu yoxdu. "Kəpəz” 16 ildir avrokuboklarda iştirak etmirdi və ilk dəfədir ki, mərhələ keçdik, buna nail olduq. Uşaqların hamısı sona qədər vuruşdu.
- Növbəti mərhələyə adlamağınızın sirri nə idi?
- Biz oyunu elə qurmuşduq ki, "Daçiya”nın var qüvvəsilə hücuma atılacağını bilirdik. Biz isə əks-hücumlarda onları tutacaqdıq. İkinci yarıda isə yaxşı şanslar əldə etdik, ancaq istifadə edə bilmədik. İkinci yarıda istədiyimiz qolu vurduq.
- Sizcə, "Kəpəz”in rəqibinə ən yaxşı cavabı elə turnirdən uzaqlaşdırmağı olmadı?
- "Daçiya” prezidenti və Moldova mətbuatının dediklərinə sakit yanaşdıq. İstədik ki, öz oyunumuzla hər şeyə cavab verək. İstədiyimiz də alındı.
- İkinci mərhələdəki rəqibiniz də məlumdur. "Admira Vakker” səddi keçilə biləcək?
- Avstriya futbolunun yaxşı səviyyədə olduğunu bilirik. Buna baxmayaraq bacardığımızı etməyə çalışacağıq. Necə olacağını indidən demək çətindi. Amma Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün sona kimi vuruşacağıq.