Azərbaycan avrokuboklarda cari mövsümdə 4-cü qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasında təmsilçilərimiz olan "Neftçi", "Qəbələ" və "Kəpəz"in ardınca Çempionlar Liqasında mübatizəyə başlayan "Qarabağ" da qalib gəlib. Qurban Qurbanovun komandası II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu evdə 2:0 hesabı ilə məğlub edib.
Bununla da klublarımız qitəmiqyaslı turnirlərdə cari mövsümdə artıq 1,125 xal toplayıb. Bunlardan hərəyə 1 qələbə olan "Qarabağ", "Qəbələ" və "Neftçi" aktivinə 0,250 xal yazıb. İki oyundan sonra uduzmayan "Kəpəz"də isə 0, 375 xal var.
UEFA reytinqində 24-cü pillədə olan Azərbaycan "Qarabağ"ın qələbəsindən sonra hesabındakı xalların sayını 14,625-ə çatdırıb. Bizdən 1 pillə yuxarıda olan Şotlandiyanın Çempionlar Liqasında təmsilçisi olan "Seltik" klubu gözlənilmədən Cəbəllütariqdə "Linkoln"a uduzması (0:1) ilə ölkəsini xalsız qoyub. Şotlandiyadakı xalı əvvəlkitək 15,300-dür və fərqi 0,675-dək azalda bilmişik.
Azərbaycanın ən yaxın izləyicisi olan Kipr də ötən gecə qələbə üzünə həsrət qalıb. Bu da APOEL-nin Uelsdə TNS-lə qolsuz bərabərliyə imza atması nəticəsində olub. Hər halda, kiprlilər hesabında daha 0,125 xalı yazıblar - 14, 125. Azərbaycan fərqi artırdığı bu ölkəni artıq 0,500 xal qabaqlayır.