Farer adalarının 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Bill Yakobsen Azərbaycan millisi ilə Avropa çempionatının seçmə qrup oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, mütəxəssis Bakıdakı 1:1 hesablı heç-heçədən razı qaldığını bildirib...
- Bir neçə gün öncə Rusiyaya qarşı ağır oyunumuz olmuşdu. İki gün Bakıda olduq. Bizim üçün əla şərait yaradılmışdı və bunun üçün AFFA-ya təşəkkürümüzü bildiririk. Ümid edirdik ki, 3 xal qazanacağıq. Ancaq 1 xalı da uğur hesab edirəm. Rusiyadan sonra yorulmuşduq. Bir neçə oyunçumuzun yaşı 20-dir. Qrupda ilk xalımızı qazandıq. Ümidvarıq ki, qarşıdakı matçlarda ardını gətirəcəyik. Uşaqlar bacardıqlarından da artığını etdi. Vətənə qayıtdıqdan sonra oyunu təhlil edəcəyik. Ancaq indidən deyə bilərəm ki, ilk oyunla müqayisədə, komandanızda inkişaf görürəm.
- Düşünmürsünüz ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn Azərbaycan yığmasının futbolçuları arxayınlaşmışdılar və bu üzdən də Bakıda biabırçılıq yaşadılar?
- Ola bilər haqlısınız. Bizim üçün çətin oldu.
- 1:1 hesablı nəticəni məşqçi karyeranız üçün uğur hesab etmək olar?
- Yox, qətiyyən. Bu bərabərliyi uğur saymıram. Əvvəlki seçmə mərhələdə 7 xal toplamışdıq. Rusiya, Avstriya, Almaniya kimi rəqiblərə qarşı oynayırıq. Əhalimiz 30 min, seçimimiz məhduddur. İki oyunçumuz əsas milliyə cəlb olunmuşdu, biri cəzalı idi. Yəni, heyəti tam istədiyim kimi formalaşdırmamışdım.