Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin icarəyə verildiyi Türkiyənin "Samsunspor" klubu üçün yeni stadion tikilir. Sportnet.az-ın məlumatına görə, 33 919 tamaşaçı tutumuna malik arenanın binası və fasadı ilə meydana çim əkilməsi işləri tamamlanıb.
Çimlərin altında istilik sistemi qurulacaq. Bina daxilində alış-veriş mərkəzi, skayboks, restoran, həvəkar komandalar üçün məşq meydanları və ofislər olacaq. Azarkeşlərin girişi üçün turniketlərin sayı 50-dən 72-yə çatdırılıb. Azarkeşlər tribunaları 15 dəqiqə içində boşalda biləcəklər. Stadionun üstü Qara dəniz dalğalarına bənzər formada örtüləcək.
Qeyd edək ki, 140 000 kvadratmetrlik sahəyə malik arenanın təməli 2013-cü il avqustun 4-də atılıb. Stadionun mövsümün ikinci yarısıda açılması planlaşdırılır.