"Robert Prosineçkinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi ilə danışıqlarının yekununu gözləyirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay bildirib. Onun sözlərinə görə, Hamza Hamzaoğlunun baş məşqçi postundan ayrılmasından sonra bu vəzifəyə gətirmək istədikləri Robert Prosineçkinin taleyi AFFA rəhbərliyi ilə görüşünün yekununa əsasən dəqiqləşəcək: "Prosineçki ilə danışıqlarımız davam edir. Futbol şöbəmizin müdiri Yüksək Çolak iki gündür Azərbaycandadır və bu işləri həyata keçirir. Prosineçki bizi istəyir. Biz də onu. Ancaq hələ də Azərbaycan milli komandasının baş məşqçisidir. Bu gün feferasiya rəsmiləri ilə görüşəcək. Bunun nəticəsini gözləyirik".
Ay xorvatiyalının yaxşı baş məşqçi olduğunu və Avropa futbolunu tanıdığını vurğulayıb: "Onunla yaxşı nəticə qazanacağımızı düşünürəm. Həm Azərbaycan milli komandasını, həm də bizi çalışdırması da ehtimaldır. Bunun da problem olacağını düşünmürəm. Ancaq imzalar atılmadan dəqiq bir şey söyləmək doğru deyil. Transferin yekunlaşması üçün çalışırıq. Onunla danışıqlarda bir çətinlik yoxdur. Azərbaycanlı funksionerlərlə keçiriləcək danışıqlardan müsbət nəticə alınacağı halda, xorvatiyalı mütəxəssis bu gecə Türkiyəyəə gələ biləcək".
Xatırladaq ki, "Bursaspor" vaxtilə "Kayserispor"un baş məşqçisi olmuş Prosineçkiyə 2,5 illik müqavilə təklif edib.