1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Prosineçkiyə tez-tez meyvə arağı göndərirlər"
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu ildən oyunlara getmir, ortalıqda əvvəlkitək görünmür. Heç Antalyaya da getmədi. Çempionat oyunlarında isə axırıncı dəfə XVII turun "İnter" - "Neftçi" oyununda olub.
Sportnet.az xorvatiyalı mütəxəssisin belə anlaşılmaz hərəkətlərinin mümkün səbəblərini araşdırmaq üçün jurnalistlər arasında sorğu keçirib.
Sual isə belə olub: "Prosineçkinin işinə əvvəlkitək can yandırmamasının səbəbi nədir: Maliyyə məsələləri, səhhəti, yoxsa "Bursaspor”a buraxılmadığından doğan küskünlüyü?
Mahir Rüstəmli ("Futbol+” qəzetinin baş redaktoru): "İlk növbədə, onu demək istəyirəm ki, Robert Prosineçkini sonuncu dəfə fevralın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda – "Qarabağ”la "Zirə”nin əvəzedicilərinin oyununda görmüşəm. Əvvəlki qədər oyunlarda görünməməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Mənə elə gəlir ki, onun sağlıq durumu ilə bağlı hansısa problemləri var. İnanmıram ki, jurnalistlərlə üz-üzə gəlmək, deməli, daha çox danışmaq ehtimalı Prosineçkimi stadiona getməkdən çəkindirə. Küskünlüyə qalsa, Azərbaycan və AFFA Prosineçkidən küsməlidir. AFFA-dan danışıq üçün razılıq almadan "Bursaspor” rəsmilərini bura gətirtmək etik cəhətdən düzgün hərəkət deyildi. Belə başa düşdüm ki, Prosineçki Türkiyə klubuna razılıq veribmiş, sadəcə, ona Rövnəq bəyin xeyir-duası lazım imiş ki, bu da olmadı. Hesab edirəm ki, yığmanın baş məşqçisi bütün hallarda jurnalistlərə, topluma, ictimaiyyətə, ümumiyyətlə, çalışdığı ölkəyə ruhu, qəlbi ilə daha yaxın olmalı, özünü bu ölkənin vətəndaşı kimi hiss etməlidir”.
Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): "Maliyyə məsələsi ola bilməz - zənnimcə, Prosineçki kifayət qədər yaxşı qazanır və müqaviləsində nəzərdə tutulan maaşla qane olmalıdır. Səhhətində problem varsa, bu barədə açıqlama verilməlidir - bildiyimə görə, ona vətənindən tez-tez meyvə arağı göndərirlər, xəstə də olsa, indiyə qədər sağalmalı idi. "Bursaspor"a buraxılmamasına görə küskünlük də inandırıcı deyil - əslində, həmin təklif real deyildi, daha çox təbliğatına işləyən aksiya idi, əla qazanc yeri varkən, Prosineçki uzunmüddətli iş yerini buraxıb, həftə 8, mən 9 məşqçi dəyişən türk klubuna getməyi özü də istəməz. Zənnimcə, bu saymazlığın əsas səbəbi işə barmaqarası münasibətdir. Robert düşünür ki, 7 xal toplamışamsa, artıq kimsə buna görə mənə irad tutmaz. Bunu AFFA rəhbərliyi tələb etməlidir. Lakin kim? Elxan Məmmədovu, Ramin Musayevi hansısa çempionat oyununda görürükmü ki, Prosineçkidən bunu tələb edək? Bu şəxslər son 2 ildə bir dəfə Gəncəyə getməyib, Qəbələyə nə vaxt yollandıqlarını özləri də xatırlamır. Baş katibin başı UEFA İcraiyyə Komitəsinə seçkilərə qarışıb, Prosineçki heç yadına da düşmür. Həm də xorvatiyalı mütəxəssis ölkə çempionatına gedib kimə baxsın? Millinin oyunçularının yarısı milliləşən, ordan-burdan gətirilənlərdir. Televizor qarşısında oturub onları izləyir, elə milli üzvlərinin toplaşdığı "Qarabağ"ı da bu şəkildə izləyir. Əslində, Prosineçki nəinki Premyer Liqa matçlarına, "Boavişta"nın, "Bursaspor"un, digər legionerlərimizin də oynadığı komandalarının oyununa canlı baxmalıdır. Amma tələb edən yoxdur, Robert də özünü əziyyətə salmır. Yəqin, qazanılan 7 xala arxayındır”.
Aydın Bağırov (Qol.az saytının baş redaktoru): "Rəsmi şəkildə bir açıqlama verilməyənə qədər nəsə demək doğru olmaz. Bəlkə nəsə önəmli səbəb var ki, oyunlara getmir. Çünki Foqtsdan fərqli olaraq, Prosineçki çempionatı daim diqqətdə saxlayırdı. Ona görə də bununla əlaqədar AFFA hər hansı rəsmi açıqlama verənə qədər bu haqda nəsə deməyim doğru olmazdı”.
Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): "Əslində, bu sual Prosoneçkinin özünə və ya AFFA rəsmilərinə ünvanlansa, daha yaxşı olardı. Biz Prosineçkinin "Bursaspor"a hansı təzyiq və ya təklif altında getmədiyini dəqiqliklə bilmirik. Ola bilər ki, xorvatiyalı mütəxəssislə AFFA rəhbərliyi arasında soyuqluq yaranıb və ya əskinə, belə bir şey olmayıb. Yəni, deməyim odu ki, "Bursaspor" söhbəti ortaya çıxanda Prosineçki ilə AFFA arasında danışıqların hansı tonda getməsindən xəbərsizik. Buna görə də onun çempionat oyunlarını izləməməsinə, Antalyada görünməməsinə konkret izah vermək olmur. Gəlin, ümid edək ki, Prosineçki peşəkardır, AFFA ilə müqaviləsi bitənədək özünə hörmət edəcək və onun yoxa çıxmasının səbəbi sadəcə, səhhətində problem olmasıdır”.
İlqar Tağıyev ("Het-trik news" qəzetinin baş redaktoru): "Saytınızda "Prosineçkinin şübhəli davranışları" yazısını oxudum. Orada bəzi faktlar göstərilib, bəzi ehtimallar irəli sürülüb ki, bununla razılaşmaq da olar, razılaşmamaq da. Ümumiyyətlə, Prosineçkinin bu il çempionat oyunlarını, Antalyada təlim-məşq toplanışını izləməməsi həqiqətən yaxşı hal deyil. Millinin baş məşqçisi bütün oyunları izləmli, bütün futbolçuları nəzarətdə saxlamalıdır ki, kimin nəyə qadir olduğunu bilsin. Ancaq bunun səbəblərini Prosineçkinin özündən, AFFA rəhbərliyindən öyrənsək, daha yaxşı olardı. Ən azından vəziyyətə aydınlıq gələrdi. Yazıda 3 ehtimal irəli sürülüb ki, bunlardan biri maliyyə məsələsidir. Düzü, bu o qədər də inandırıcı deyil. Bu, şəxsi fikrimdir. Bilmirəm, Prosineçki bura gələndə müqaviləsində maaşının artırılması ilə bağlı bənd var idi, yoxsa yox – hər halda, qazanılan 7 xala görə hər bir futbolçu kimi mükafatını alıb. İkinci ehtimal maaşların gecikməyi ilə bağlıdır. Düşünmürəm ki, Prosineçkinin maaşı geciksin və ya bu, doğrudan varsa, həqiqətən bir problem yaratsın. Bu, o qədər də ağlabatan söhbət deyil. Əgər maaş gecikməsi olsa, inanmıram ki, bunu Prosineçki problem kimi qəbul eləsin. Çünki maaş 1-2 ay geciksə belə pul ona axırda çatasıdır. Düzdür, "Bursaspor” variantı bir az ağlabatandır. Bilmirəm, nə dərəcədə danışıqlar gedib, "Bursaspor” həqiqətənmi Prosineçkini istəyirdi və razı idi ki, xorvatiyalı mütəxəssis bu klubla yanaşı, parallel olaraq Azərbaycan millisində işləsin. Açığı, bu söhbətlərə Prosineçki özü aydınlıq gətirməlidir. Ancaq bildiyim odur ki, millimizin baş məşqçisi qış fasləsindən sonra 12 oyunun cəmi 3-də iştirak edib. Bu, o anlama gəlməli deyil ki, Prosineçki nədənsə inciyib. O, bu yaxınlarda keçirilən "Qarabağ” – "Zirə” oyunundan 1 gün əvvəl onların əvəzedici komandalarının görüşünü U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə ilə birgə izləmişdi. Bu, dəqiq məlumatdır. Prosineçkidə inciklik var idisə, işinə, belə deyək, həvəssiz yanaşırdısa, həmin oyuna niyə baxmağa gedib? Əvəzedicilərdə 1-2 futbolçunu izləyib. Səhv etmirəmsə, "Qarabağ”ın hücumçusu Mahir Mədətov həmin matçda əvəzedici heyətdə çıxış etmişdi və onun oyununu izləmişdi. Ona görə Prosineçkinin işinə həvəssiz yanaşması fikri ilə də razılaşmıram. Ola bilər ki, səhhəti ilə bağlı nəsə problem olsun. Bu, hər bir insanın başına gələn işdir. Ancaq buna AFFA, ən əsası, Prosineçkinin özü aydınlıq gətirsə, daha yaxşı olar. Yəqin ki, bütün bu söz-söhbətlər Qətərlə yoldaşlıq görüşünədək aradan qalxar. Həmin vaxt mətbuatın qarşısına çıxaraq Prosineçki çempionat oyunlarını izləmək problemimin nə ilə bağlı olduğu bildirəcək. Başqa bir məsələ də var ki, xorvatiyalı mütəxəssis ən azından çempionat oyunlarının videoyazını izləyir, lazımi futbolçular haqda lazımi məlumatları köməkçilərindən alır. Onun köməkçilərinin çempionat matçlarını izlədikləri məlumdur".