1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bəlkə də yatıb yuxusunda görüb" - MÜSAHİBƏ
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komanda 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin qalibi olduqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin də üzvü olan Axundov əvvəlcə qazanılan nailiyyət münasibətilə fikirlərini bölüşüb...
- Azərbaycan futzal ictimaiyyətini milli komandanın ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm. Əsas seçmə mərhələdə yüzfaizlik nəticə ilə birinci yeri tutduq. Bundan artıq sevinc ola bilməz. 2018-ci ilin yanvarında Sloveniyada keçiriləcək qitəmiqyaslı yarışa artıq avqustdan start verəcəyik.
- Bosniya və Herseqovina ilə ağır keçən ilk görüşdən sonra Albaniya və Macarıstan üzərində böyük hesablı qələbələr qazanacağınıza inanırdınız?
- Təkcə 5:4 hesabı ilə qalib gəldiyimiz ilk oyun yox, hər üç görüş çox ağır keçdi. Təkcə Albaniya və Macarıstanla oyunların birinci hissələrini yada salmaq lazımdır. Təbii ki, hər 3 komanda bizə qarşı çox ciddi hazırlaşmışdı. Bunu 6:1 hesabı ilə qalib gəldiyimiz Macarıstanla və 5:0 hesablı qələbə qazandığımız Albaniyaya qarşı matçlarda da gördünüz. Hamı Azərbaycana qarşı bacardığından da artıq oyun sərgiləmək istəyir. Mənim özümdə də, komandada da narahatlıq var idi. Hər oyunun fasiləsində paltardəyişmə otağına enir, uşaqlarla söhbət edirdim. Yəni, biz oyunların ağır keçəcəyini, hər 3 rəqib bizə qarşı çox aqressiv oyun sərgiləyəcəyini gözləyirdik. Bununla belə, futzalçılarımız qələbəni demək olar ki, hər 3 oyunun ikinci hissəsində qazandılar. Birinci hissədə qələbə qazana bilmədik.
- Yerli futzalçıların çıxışlarından razı qaldınız?
- Biz bundan əvvəl də baş məşqçi ilə çox danışmışdıq. Dəfələrlə vurğulamışam ki, yerli futzalçıların yetişməyinə zaman lazımdır. Onlar legionerlərin yanında yaxşı məktəb keçirlər. Bunlar göz qabağında idi. Uşaqlarda arxayınçılıq, özlərinə inam, qorxmamaq kimi məqamlar gözə çarpırdı. Bunlar gələcəkdə də davam etdiriləcək. Artıq 4-5 yeni oyunçular var ki, əsas milliyə namizəddirlər. Onlar da cəlb olunacaqlar ki, təcrübə keçsinlər. Bu da Namiq Məmmədkərimov, Xətai Bağırov, Rövşən Hüseynli və digər yerli futzalçılarımıza zaman lazım idi ki, yetişsinlər. Deyə bilmərəm ki, onlar tam yetişiblər. Yenə də zaman lazımdır. Fikrimcə, Avropa çempionatında Azərbaycanı kifayət qədər yerli oyunçu təmsil edəcək.
- Hər 3 oyununun gərgin keçdiyini dediniz. Amma əvvəllər belə gərginlik olmamışdı. Bu, Azərbaycan çempionatının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar deyil? Əvvəlki mövsümlərlə müqayisədə artıq çempion əvvəldən bəlli olur...
- Mən elə deməzdim. Neçə illərdir ki, Azərbaycan millisi "Araz" klubunun bazasında qurulub. Bir-iki il öncə "Fənər" və "Xəzər Adaları" adlı komandaların Azərbaycan çempionatında öz sözlərini demələri üçün şans yaranmışdı. Sağ olsunlar, legionerlər cəlb etdilər, hətta "Xəzər Adaları" çempion da oldu. Amma çempionatımızın bir xüsusiyyəti var: Millinin bazası "Araz"ın üzərində qurulub. Bununla belə, yığmaya "Ekol"dan da, "Neftçi"dən də futzalçılar cəlb olunur. Bayaq sadaladığım yerli futzalçıların heç biri "Araz"da çıxış etmir. Çempionatımızdan razıyam. Dəfələrlə demişəm ki, məqsədimiz Azərbaycanın bayrağını dalğalandırmaq, yığma səviyyəsində yüksək nəticələr qazanmaqdır. Bu nəticədən ötrü hər bir addımı atmağa hazıram.
- Biro Jade baş məşqçi kimi sınaqdan necə çıxdı?
- Təbii ki, narazı məqamlarımız da oldu. Şəxsən məndə də... Biro Jade peşəkar futzalçı olub. O, Serjao, Felipe kimi futzalçıları xatırlayırsınız, hamısı çox iş görüblər. Bunu unutmaq olmaz. Amma baş məşqçi vəzifəsi tam fərqli səviyyədir. Bunun üçün illər, təcrübə, məşqçilik məktəbi keçmək lazımdır. Açığı, bunlar hazırkı baş məşqçimizdə çatışmır. Biro Jade Miltinyonun dönəmində millimizə ikinci məşqçi kimi dəvət olunmuşdu. Miltinyo ailəsindəki problemlə əlaqədar getdikdən sonra mövsümün ortasında və Avropa çempionatın əsas seçmə mərhələsinə 3-4 ay qalmış baş məşqçi axtarmaq çətin olardı. Ona görə də komandanı bir sınaq kimi Biro Jadeyə həvalə etdik. Fikrimcə, ona bir gənc kimi təcrübə lazımdır. İstəsə, yenə Azərbaycanda qalacaq, millidə çalışacaq. Özü ölkəmizi çox sevir. Amma baş məşqçi məsələsinə gələn ay yenidən qayıdacağıq. Biz artıq Avropa çempionatındayıq, vəsiqəmiz cibimizdədir. Baş məşqçimizin kimliyindən asılı olmayaraq, Sloveniyada bizə nəticə lazımdır.
- Hələ Miltinyo baş məşqçi təyin olunmamışdan öncə Kakau və Joze Alesionun adları çəkilirdi...
- Biz Kakau ilə heç bir danışıq aparmamışıq. Kimsə bir cəfəngiyyat fikirləşib. Bildiyim qədərilə, onun Qazaxıstan komandası ilə müqaviləsi var idi. Üstəlik, heç vaxt maraq dairəmizdə olmayıb. Joze Alesio ilə maraqlanmışıq. Bir neçə ispaniyalı mütəxəssis var ki, bu gün də maraq dairəmizdədir. Amma illərdir tanıdığım şəxs kimi deyə bilərəm ki, Kakau piarsevər mütəxəssisdir. Bəlkə də yatıb yuxusunda görüb ki, kimsə onu dəvət edir. Kimsə futzalla bağlı onunla danışıq aparıbsa, təbii ki, bu, məndən xəbərsiz ola bilməzdi. Amma tam səmimiyyətimlə deyirəm ki, heç vaxt Kakau ilə danışıq aparmamışıq və o, heç vaxt fikrimizdə olmayıb.
- Bəs Joze Alesionun geri qayıtması nə dərəcədə realdır?
- O, millidən qalmaqalla getsə də, səhvini başa düşdü. Dəfələrlə bizə məktub yazdı, üzr istədi. Hətta mənimlə Serbiyada görüşərək, təklikdə söhbət də etdi. Amma təkcə onun üzərində dayanmaq olmaz. Namizədlər çoxdur.
- Yəni, yığmaya səviyyəli baş məşqçi gətirmək fikrindəsiniz?
- Yenə deyirəm: Kimliyindən asılı olmayaraq, milli komandamıza nəticə lazımdır.
- Hər dəfə nüfuzlu yarışlar öncəsi yığmanın hazırlığı üçün lazımi şərait yaradılsa da, yoldaşlıq görüşləri sarıdan çatışmazlıqlar olur. Avropa çempionatından əvvəl bu problemi yoluna qoymaq mümkün olacaqmı?
- Bəzən yoldaşlıq görüşlərinin vaxtında razılığa gələ bilmirik. Dəfələrlə olub ki, razılıq veriblər, amma oyuna 20 gün qalmış müəyyən səbəblərə görə alınmayıb. Təbii ki, xüsusən səviyyəli komandalarla yoldaşlıq görüşləri rəsmi turnirlər öncəsi çox böyük əhəmiyyət daşıyır, 100 faiz gərəklidir. Burada udub-uduzmağın heç bir fərqi yoxdur. Əsas məsələ futzalçıları yoxlamaqdır. Artıq iyuldan sınaqçı rəqiblərlə yoldaşlıq görüşləri üçün danışıqlara başlayacağıq. Oyunların tarixini dəqiqləşdirdikdən sonra çempionatın hazırlıqlarına başlayacağıq. Dediklərinizlə tam razıyıq. Azı 2 təlim-məşq toplanışı keçirəcəyik. Hər toplanış çərçivəsində isə 3-4 oyun keçirməliyik.
- Qapıçı Ramiz Çovdarovun yığmaya çağırılmaması nə ilə əlaqədar idi?
- Neçə ildir federasiya prezidentiyəm. Bizim üçün nəticədən də önəmli məsələ komandada nizam-intizamın olmasıdır. Çovdarovu "Araz"a da, milliyə də şəxsən mən dəvət etmişəm. Yəni, özüm məşqçilərə onu namizəd kimi göstərmişdim. Yığmanın baş məşqçilərinə mən demişdim ki, o, oynasın. Halbuki Çovdarovu komandada görmək istəməyən məşqçilər var idi, onların adlarını açıqlamayacağam. Bu insan komandadaxili nizam-intizamı dəfələrlə pozub. Məhz bu səbəbdən, o, əsas seçmə mərhələyə 2 həftə qalmış baş məşqçinin müraciəti əsasında komandadan xaric olunub. Halbuki ona ehtiyacımız var idi. Çovdarov yaxşı, perspektivli və bacarıqlı futzalçıdır. Amma yenə də birinci növbədə nizam-intizam olmalıdır. Biz heç kimin üstündən xətt çəkmirik. Azərbaycanlıdır, millidə oynayıb, müxtəlif yarışlara qatılıb. Dəvələrlə özü ilə söhbət etmişəm. Demişəm ki, komandada nizam-intizam qorunmalıdır. Baş məşqçi nə deyirsə, odur. Baş məşqçinin bir sözünü komanda üzvləri iki edə bilməz. Bəlkə bir az cavandır. Oynamaması da bəlkə bir az ona dərs olar. Gələcəkdə öz üzərində işləsə, səhvlərini başa düşsə, komandaya qaytarıla bilər.
- Gəlib üzr istəməlidir?
- Təbii ki... Özü yaxşı bilir ki, kimin qarşısında nizam-intizamı pozub. Kimdənsə fərdi qaydada yox, bütün komandadan üzr istəməli və kollektiv onu bağışlamalıdır ki, yenidən yığmaya qayıtsın. Bir federasiya prezidenti kimi şəxsən istərdim ki, millidə oynasın. Amma yenə də öz üzərində işləməlidir.
- Macarıstan üzərində qələbədən sonra keçmiş baş məşqçilərdən təbrik mesajları aldınız?
- Mən heç vaxt bu barədə fikirləşməmişəm. Göndərsələr də sağ olsunlar, göndərməsələr də. Ən əsası odur ki, nə qədər futzal azarkeşi sevindi, hamımız sevindik. Komandamız ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. İndi mən hansısa keçmiş futzalçı və ya baş məşqçinin bizi təbrik etməsini oturub gözləyəsi deyiləm. Təbrik etsələr də sağ olsunlar, etməsələr də. Buna həm ehtiyacımız var idi, həm də yox idi. Ən əsası odur ki, biz Avropa çempionatının final mərhələsindəyik. Bundan gözəl xoşbəxtlik ola bilməz.