"İdman Azərbaycan" telekanalı "Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi "Şerif”lə səfərdə keçirəcəyi cavab görüşünü canlı yayımlaya bilməyəcəklərinə aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı telekanalın "facebook” səhifəsində açıqlama yerləşdirilib. Bildirilir ki, canlı yayımın baş tutmamasında günahkar Moldova təmsilçisidir: "İdman Azərbaycan" Çempionlar Liqasının play-off mərhələsindən etibarən oyunlarının yayım hüququna sahibdir. T1-ci , 2-ci və 3-cü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələlər zamanı "İdman Azərbaycan" kanalı klublara yardım etmiş və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə razılığa gələrək, qarşılaşmaları barter etmişdir. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək, Moldovaya ötürməyə hazır idi. Lakin "Şerif” klubu bununla razılaşmayaraq, Bakıdakı oyunun Moldovada yayımına razı olmadı və Tiraspoldakı matçında da yayımına razılıq vermədi. Bu səbəbdən də "Şerif"-"Qarabağ" görüşünün yayımlanmamasının səbəbkarı Moldovanın "Şerif” klubudur”.
"Şerif” klubu yayım üçün 50 min dollar tələb edir. Azərbaycan telekanallarından heç biri bununla bağlı Tiraspol təmsilçisinə müraciət etməyib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matç Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı yayımlanacaq.