"Səbail"in baş məşqçisi Samir Əliyev "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb...
- Fasilədən maksimum istifadə etməyə çalışırıq. Yoxlama oyununda istədik ki, oyunçulara şans verək və onlar da özlərini göstərsinlər. Oyunçuların da oyununa müdaxilə etmədik. Vaxtımız azdır. Qış fasiləsinə 3 tur qalıb. Dekabr yaxınlaşır. Fasiləyə yollananda qərar verəcəyik ki, heyətdə hansı oyunçular qalsın, kimlər getsin. Hər birinə diqqətlə baxmalıyıq. Çünki bəziləri ehtiyatda qalır, ya da əvəzedicidə çıxış edir.
- Növbəti tur "Kəpəz"lə qarşılaşacaqsınız. Bu oyun haqda düşüncələriniz necədir?
- Bəlkə də çempionatda ən ağır oyunumuz olacaq. "Kəpəz"in də, bizim də vəziyyətimiz bəllidir. Bunu hər gün oyunçulara deyirəm. Ağır səfər olacaq. Oyuna ciddi hazırlaşırıq.
- Qışda bəzi oyunçularla bağlı qərar veriləcəyini qeyd etdiniz. Köklü dəyişikliklər baş verəcək, yoxsa bir neçə oyunçu göndəriləcək?
- Biz komandanı yaradanda saya üstünlük vermişdik. İndi isə saya deyil, keyfiyyətə önəm verməliyik. Oyunçuların sayını azaldacağıq.
- Komandaya legioner dəvət olunacaq?
- Bu məsələni klub daxilində noyabrın sonunda müzakirə edəcəyik.
- Fikrinizdə artıq kimlərisə "qara siyahı"ya salımısınız?
- Bəli. Sayı deyə bilmərəm. Oyunçularımız çoxdur. İstəməzdim ki, o oyunçular ehtiyatda qalsınlar. Güclərini başqa klubda sınasınlar. Ya I Divizonda, ya da Premyer Liqada oynaya bilərlər.
- Bəzi komandalar limitə görə məcburiyyətdən futbolçusunu oynadır. Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanov həm də klubda çalışır. Onunla bu barədə fikir mübadiləsi aparmaq niyyətiniz var?
- Görüşəndə bu barədə danışa bilərik. Bu problem bütün komandalara şamil edilməlidir. Limitə uyğun 2-3 futbolçunu heyətə cəlb edəcəyik. İstedadları var, amma heyətə düşə bilmirlər. Bizim komandada oynaya bilərlər. İcarə ilə olsa belə, komandaya cəlb etməyə çalışacağıq. "Qəbələ"dən bir nəfəri istəyirik. Həmin futbolçu çempionluğa oynaya komandada şans qazana bilmir. Amma bizim heyətdə rahatlıqla çıxış edə bilər.
- Hansı mövqeyləri gücləndirəcəksiniz?
- Mövqelərimizi gücləndirmək istəyirik. Amma bu barədə ətraflı danışmaq istəməzdim. Çempionatda 4 oyunumuz qalıb. Üstəlik, kubokda "Şüvəlan"la qarşılaşacağıq. Qəsəbə klubunu keçsək, rəqibimiz "Qəbələ" olacaq.
- Təlim-məşq toplanışınız xaricdə olacaq?
- Planı təqdim etmişik. Türkiyədə keçmək istəyirik. Bakıda da keçəcəyik. Rəhbərlik son qərarını verməyib. Cibimizə uyğun olmalıdır.