"Neftçi"nin futbolçusu Uqo Barqas Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zaqatala" üzərində 5:0 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- 5:0 hesablı qələbə komandaya inam gətirdimi?
- Əlbəttə ki, bu komanda üçün yaxşı nəticədir. Uzun müddət şans qazanmayan oyunçular iştirak etdi. Hamısı özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. Oyuna yaxşı başlamasaq da, sonradan toparlandıq. Qollar vurduq və qələbə qazandıq. Növbəti oyunlarda bu bizə əlavə motivasiya verəcək.
- Bu oyunda iki hücumçu ilə oynadınız. Ancaq arxaya meyilli oynayırdın. Bu tapşırıq idi yoxsa?
- Bu baş məşqçimizin tapşırığı idi. Mənim daha arxada oynamağımı istəyirdi. Mən topla oynamağı çox sevirəm. Bundan əvvəlki oyunlarda tək hücumçu kimi çıxış edəndə topla çox kontaktda olmurdum. Bu oyunda özüm çalışırdım, yarımmüdafiədən top alırdım, cinahları topla təmin edirdim. Düşünürəm ki, bu məndə yaxşı alındı.
- Birinci hissədən sonra "Qarabağ”la oyunu fikirləşirdinizmi?
- Xeyr. Biz birinci hissədən sonra "Qarabağ”la oyunu fikirləşmədik. Hər oyunun öz hazırlıq üsülü var. Biz bu oyuna hazırlaşmışdıq. Oyunun bitməsini gözləyirdik. Oyun başa çatdı və biz qələbə qazandıq. Bu gündən etibarən "Qarabağ”la matça hazırlaşacağıq.
- Səfərdə "Qarabağ”ı məğlub etmək mümkündürmü?
- Futboldur. Futbolda hər şey mümkündür. Mümkün olmayan bir şey yoxdur. "Azərsun Arenada”kı son oyunumuzda heç-heçə eləmişdik. Komandada daha çox özünə inam var. Oyunumuz daha yaxşı alınır. İlk dəqiqələrdən oyuna köklənsək istədiyimiz nəticəni əldə edə bilərik.
- Ölkə çempionluğu "Neftçi” üçün uzaq görsənir. Amma mövsümü titulla başa vurmaq olar. Komandanın ölkə kubokunu qazanmağı nə dərəcədə mümkündür?
- "Neftçi” bir müddət tituldan uzaq qalıb. Komandada böyük dəyişikliklər olub. Yeni futbolçular və yeni baş məşqçi gəlib. Futbolçular bunun cavabını meydanda verməlidir. Heç olmasa ili kubokla başa vurmaq istəyirik. Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyik. Əsas məqsədimiz budur.