"Qarabağ"ın futbolçusu Pedro Enrike Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müdahibəni təqdim edir:
- Matçla bağlı nə deyə bilərsiniz? Qələbə qolunun müəllifi oldunuz...
- Çempionatdan fərqli, kubok oyunu idi. Ona görə də qələbə qazanmaqdan başqa əlacımız yox idi. Rəqibin çətin olduğunu gördük. Cavab matçında işimiz ağır olacaq.
- Komandanız bu gün əsl "Qarabağ" kimi oynaya bilmədi. Bu rəqibdən irəli gəlir, yoxsa sizin son zamanlar sıx qrafiklə çıxış etməyinizdən?
- "Sumqayıt"ı sıradan bir komanda adlandırmazdım. Nəticənin çətin əldə edilməsində rəqibin əziyyətini də qeyd edərdim. Qapanmağı yaxşı bacardılar. Həm də əks-hücumlardan istifadə etdilər. Biz topla oynamağı sevən komandayıq. Külək oyunun sürətini daha da artırırdı. Yəni, bu amilin də təsiri oldu.
- Matça ehtiyatda başlamağınız nə ilə bağlıdır?
- Bu, baş məşqçiyə veriləsi sualdır. Bunu təbii qəbul etmək lazımdır. Çünki 2 gün öncə çempionat oyunu keçirmişdik. Belə rotasiyalar normaldır. Üstəlik, heyətimizdə yüksək səviyyəli futbolçular var. Kimliyindən asılı olmayaraq meydana çıxan üzərinə düşən vəzifəni yerinə yetirir.
- İli necə dəyərləndirirsiniz?
- Mövsüm yarılanır, amma ili götürsək, uğurlu hesab edirəm. Əvvəlki komandam PAOK-da da müntəzəm oynayıb, qollar vururdum. Buradakı yarım mövsümü analiz etsək, xüsusilə son matçlarda komandama qollarımla kömək edirəm. Həm də Çempionlar Liqasında (ÇL) iştirak mənim üçün böyük təcrübə oldu.
- Azərbaycana gəlməyinizdə əsas stimul ÇL idi. Artıq "Qarabağ" bu turnirdə mübarizəni dayandırıb. Gələn ildə bu komandada qalıb, qitənin ən nüfuzlu klub turnirində çıxış etmək istəyirsiniz?
- Təbii, bura gəlməyimə ÇL amili də təsir etdi. Amma yalnız bununla əlaqələndirməzdim. Müqavilə ilə PAOK-a məxsusam. Maya qədər "Qarabağ"da oynayacağam. Ondan sonra nə baş verəcəyini deyə bilmərəm. Yoldaşlıq matçında belə, çıxıb həzz almağa çalışıram. Əlbəttə, böyük turnirlərdə böyük komandalara qarşı forma geyinmək başqa hisslərdir.
- Qışda PAOK-a dönəcəyinizlə bağlı xəbərlər çıxmışdı. Bunun bir əsası varmı?
- Bu sırf mətbuatın işidir. Bununla bağlı mənə rəsmi olaraq heç nə deyilməyib. Mənim işim futbol oynamaqdır. Qışda qayıtmağımla bağlı heç nə söylənilməyib.