"Əsasnaməmizdə bir klubun mövsüm ərzində ikidən çox stadionda oynamasının qeyri-mümkünlüyünə dair bənddə dəyişiklik olmayıb. Sadəcə, "Qarabağ"ın İngiltərənin "Çelsi" komandası ilə ev oyunu ərəfəsində "Sumqayıt"la Premyer Liqa matçının da Bakı Olimpiya Stadionunda təşkilini qərara aldıq".
Sportnet.az xəbər verir ki, bunu "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişinin qonağı, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O, "Qarabağ"a "Azərsun Arena" və Tofiq Bəhramov adına Respublika stadionundan sonra Bakı Olimpiya Stadionunda (BOS) da Premyer Liqadakı ev oyununu keçirməyə icazə verməklə, PFL-in Əsasnaməsini pozduğunu etiraf edib: "Çelsi" ilə vacib oyun ərəfəsində "Qarabağ" BOS-a alışmalı idi. Ona görə də Ağdam komandasına bu arenada ev oyununu keçirməsi üçün razılıq verdik. Yəni, Əsasnaməni "Qarabağ" yox, biz pozduq".
Musayevin fikrincə, öz Əsasnamələrini pozmaqla, PFL-i günahlandırmazlar: "Daha əvvəl "Xəzər Lənkəran"a görə də cavabdehliyi boynuma götürmüşdüm. Demişdim ki, bu komandanı birbaşa Premyer Liqaya buraxmağa hazıram. Bu dəfə isə "Qarabağ"ın BOS-da çempionat matçı keçirməsinə razılıq verdim".
Qeyd edək ki, noyabrın 17-də BOS-da keçirilmiş "Qarabağ" - "Sumqayıt" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.