"Zirə" futbol klubunun qapıçısı Anar Nəzirov bu gün jurnalistlərin suallarını cavablandırıb
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?
- Zədə futbolun içində olan amillərdəndir. Ancaq komanda olaraq heç də pis olmadı. Fikrimcə, 30 xal "Zirə” üçün yaxşı nəticədir.
- Ancaq Azərbaycan Kuboku ilə vidalaşdınız...
- Futboldur da. "Neftçi” də istəkli komandadır. "Neftçi”yə uduzduq, başqa bir komandaya uduzmadıq ki... Düzdür, kubok da olsaydı, yaxşı olardı. Əsas fikrimizi çempionata yönəltmişik.
- Yığma komanda ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Kənarda qalacaqsan?
- Buna baş məşqçi qərar verəcək. Kim çağırılsa, uğurlar arzulayıram. Yeni məşqçi heyətində də həmçinin.
- Yığmada qapıçı problemi var. Kamran Ağayev xeyli vaxtdır oynamır, Səlahət Ağayev zədəlidir. Hazırda qapını kim qoruya bilər?
- Bu dəqiqə... Ad çəkmək düzgün çıxmır. Cavan qapıçılarımız oynadı. Emin Balayev, Rəşad Əzizli oynayır, Şahrudin Məhəmmədəliyevə şans veriləndə meydana çıxır. Milliyə namizəd qapıçılarımız var. Özü də, U-21-in qapıçıları olublar. Kimi çağırıb, kimi çağırmamağı baş məşqçi bilir. "Neftçi”yə transfer olunan Aqil Məmmədov da var. Bildiyim qədər Səlahət bərpa olunub, məşq edir. Kamran "Keşlə”yə qayıtdı. Qapıçı baxımından problem olacağını düşünmürəm.
- Yığmada Kamran Ağayevin məcburən oynadıldığı fikri ilə razısan?
- Düzünü danışmaq lazımdır: İndiyədək elə olub. Dediyinizlə razıyam. Lakin şans verilməyən qapıçı özünü doğrulda bilməz axı... Millidə kiməsə şans verilməlidir ki, həm o, özünü doğrultsun, həm də rəqabət olsun. Rəqabət olan yerdə inkişaf baş verir.
- Şəxsən özün Kamran Ağayevi əvəzləyə bilərsən?
- Belə bir şüarımız var idi: Niyə də yox?! (gülür - red.).